“Qara qaşımıza, gözümüzə aşiq deyillər ki...”
25.05.2011 - 17:06
“Qara qaşımıza, gözümüzə aşiq deyillər ki...”
“Bir ildir çəkdiyimiz əziyyətin bəhrəsini görmək istəyirdik. Çempion olmaq qismət deyilmiş. Ancaq kuboku qazandıq. Hər bir futbolçunun arzusudur ki, kuboku başı üzərinə qaldırsın”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayev deyib.

Komandasının kapitanı kimi ölkə kubokunu başı üzərinə qaldıran Ağayev NBC Bank Azərbaycan kubokunun “İnter”lə final oyunu haqda fikirlərini açıqlayıb: “Maraqlı oyun keçdiyini deyə bilərəm. Komandalar mübarizə apardı. Buna əsasən, bizim də futbol oynamağı bacardığımızı söyləmək olar. Qoy, hər kəs bilsin ki, biz də futbol oynayırıq. Buna inanmaq lazımdır”.

Kamran həlledici əhəmiyyət kəsb edən penaltilər seriyasında rəqibin zərbəsini dəf etməklə qələbəyə böyük töhfə versə də, bu fikirlə razı deyil: “Qələbəni bir nəfər deyil, 11 nəfər futbolçu qazandı. Futbol kollektiv oyundur və qazanılan nəticədə də kollektivin zəhməti danılmazdır. Bununla kifayətlənmək olmaz. İrəli baxmalıyıq. Kuboku qazanmışıq ki, Avropa Liqasında çıxış edək. Ən böyük iddiamız orda olacaq. Çalışmalıyıq ki, qitə miqyaslı oyunlarda yaxşı nəticələr qazanaq”.

Qapıçının fikrincə, “İnter” də kuboka layiq idi: “İnter” zəif komanda deyil. Bu mərhələyə qədər gəliblərsə, deməli, qalib gəlib kuboka layiq olardılar. Təsadüfi deyil ki, azarkeşlər oyunumuzdan həzz aldıqlarına görə, arenaya toplaşmışdılar. Onlar ilboyu bizi izlədilər. Qara qaşımıza, gözümüzə aşiq deyillər ki...”.
0