“Mən Superkubok görüşünün keçirilməsinə razıyam”
25.05.2011 - 16:13
“Mən Superkubok görüşünün keçirilməsinə razıyam”
“Azərbaycanda Superkubokun keçirilməsi gözəl təklifdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

İndiyədək 3 dəfə keçirilən Azərbaycan Superkuboku artıq 16 ildir tarixin yaddaşına köçüb. Sonuncu dəfə 1995-ci ildə “Neftçi” Superkubokun qalibi olub. “Ağ-qaralar”ın yenidən çempion olması, ölkə kubokunu isə “Xəzər Lənkəran”ın qazanması onlar arasında belə görüşün keçirilməsini gündəmdə gətirdi. Axı 2004-cü ildən bu yana ölkəmizdə əsas derbi məhz “Neftçi” – “Xəzər Lənkəran” oyunu sayılır. Superkubok adətən növbəti mövsümün açılışı sayılır ki, bunu belə derbi matçla keçirmək lap yerinə düşür.

Bu mənada apasport.az saytı bir neçə dəfə gündəmə gətirdiyi Superkubokun bərpası ilə bağlı sualı PFL prezidentinə ünvanlayıb: “Görün, Superkubok artıq neçə ildir keçirilmir. Biz də bunu reallaşdırmağa hazırıq. Oyunun Bakı, yaxud Lənkəranda yox, neytral meydanda keçirilməsini istərdik. Misal üçün, Gəncə şəhər stadionu hazır olsa, orada Superkuboku keçirmək yaxşı olardı. Məncə, ora münasib məkandır. Yaxud İmişlidə keçirmək olar. Əsas odur ki, paytaxtdan kənarda, əyalətdə olsun və orada da futbol bayramı yaşansın”.

Avropada Superkubok adətən avqustda keçirilir. Bizdə həmin vaxt bu mümkün olmasa da, əsas məsələ onun keçirilməsidir. PFL prezidenti əsas problemi vaxtla görür: “Əsas məsələ klublar arasında vaxtla razılığa gəlinməsidir. Biz indidən bunu onlarla razılaşdıra bilmirik. Çünki mövsüm yeni bitib, yeni istirahətə buraxılırlar. Avqustda keçirmək variantı alınmır. Həmin ayda klublarımızın avrokubok matçları ola bilər. Milli komandamızın da avqustda oyunu var. Futbolçular həmin vacib oyunlar öncəsi zədələ bilərlər. Ancaq bu ilin sonuna kimi keçirmək olar. Görüşün mütləq təqvimə salınıb, məcburi keçirilməsini də tərəfdarı deyiləm. Gəlin, məsələyə belə sərt formada yanaşmayaq. Əgər imkan olarsa, klublarla vaxtla bağlı razılığa gələrsə, mən Superkubok oyununun keçirilməsinə ikiəlli razıyam”.

Mehman SÜLEYMANOV