“NBC Bankın sponsorluq müqaviləsini davam etdirməklə bağlı niyyəti var”
25.05.2011 - 16:48
“NBC Bankın sponsorluq müqaviləsini davam etdirməklə bağlı niyyəti var”
“Peşəkar Futbol Liqası ilə ötən ilin oktyabrın 25-də Azərbaycan kubokuna sponsorluq etməklə bağlı müqavilə imzalamışıq. Dünənki final oyunu ilə kubok yarışları yekunlaşdı və sevinirik ki, möhtəşəm bir görüş keçirildi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri NBC Bankın İdarə Heyətinin sədr müavini Fuad Qəmbərov deyib.

Bu gün adıçəkilən bankın ofisində keçirilən tədbir müxtəlif nominasiyalarda fərqlənənləri mükafatlandırmaq olub. Qəmbərov dəvətlərini qəbul edib, gələn mətbuat nümayəndələrini təşəkkür etdi: “Tədbirimizin əsas məqsədi müxtəlif nominasiyalarda seçilən futbolçuları mükafatlandırmaqdır. Ümid edirik ki, bizim mükafatlar onların ürəyincə və müəyyən qədər stimullaşdırıcı dəstək olacaq. Nəticədə onlar öz komandalarının və Azərbaycan futbolunu şərəfini daha uca tutacaqlar. Fürsətdən istifadə edib, “Xəzər Lənkəran” rəhbərliyini, komandanı, azarkeşlərinə təbriklərimi çatdırıram”.

Sədr müavini sponsorluq müqaviləsinin bu ildə olmasının əhəmiyyətindən danışdı: “Bizim üçün sponsorluq həm də ona görə sevindirici idi ki, Azərbaycan kuboku futbolumuzun 100 illik yubileyinə təsadüf etdi. Azərbaycan futbolunun ilbəil inkişaf etdiyinə hamımız şahidik. Finaldakı mübarizə, təşkilatçılığı səviyyəsi bunu bir daha təsdiq etdi. Ümid edirik ki, komandalarımız bu ilki avrokubok yarışlarında daha uğurla çıxış edəcəklər. Biz müqavilə imzalayarkən də qeyd etmişdik ki, əsas məqsədimiz futbolumuzun inkişafına öz töhfəmizi verməkdir. Bundan sonra NBC Bank Azərbaycan idmanına, mədəniyyətinə öz dəstəyini əsirgəməyəcək”.

NBC Bankla PFL arasında müqavilənin müddəti bir mövsümlük olduğundan, əməkdaşlığın davam etdirilib-etdirilməyəcəyi maraq doğurur. Qəmbərov bunu zamanın öhdəsinə buraxdı: “Qarşıda vaxtımız var və gəlin, tələsməyək. Bizim əməkdaşlığı davam etdirməklə bağlı ilkin niyyətimiz var və PFL ilə danışıqlar aparacağıq. Yeni müqavilə olsa, bunun imzalanması ilə bağlı yenidən möhtəşəm tədbir keçirib, sizləri də dəvət edəcəyik”.

Mehman SÜLEYMANOV