“Bundan sonra da belə gözəl qollar vurmağa çalışacağam”
25.05.2011 - 18:04
“Bundan sonra da belə gözəl qollar vurmağa çalışacağam”
“Vurduğum qolun ölkə kubokunda ən gözəl seçilməsinə görə sevinirəm. Məni buna layiq görüb seçənlərə minnətdarlığımı bildirmək istəyirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Rəvan” klubunun futbolçusu Rəşad Məmmədov deyib.

Təcrübəli müdafiəçinin NBC Bank Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində ötən ilin dekabrın 8-də AZAL-la “Şəfa” stadionundakı görüşdə vurduğu qol diqqət mərkəzinə düşdü. Rəşad meydanın mərkəzi yaxınlığından vurduğu dəqiq zərbə ilə topu uzaq “doqquzluğ”a göndərdi: “Həmin qolu yaxşı xatırlayıram. Uzaq məsafə olmasına baxmayaraq, qapıya zərbə vurdum və gözəl qol oldu. Baş məşqçimiz Vladislav Qədirov belə məsafələrdən çəkinməyərək, qapıya zərbə vurmağı demişdi. Zərbəm dəqiq alındı və baxımlı qola imza atdım. Bu, karyeramda ilk mükafat olduğundan, mənim üçün dəyərlidir. Bundan sonra da belə gözəl qollar vurmağa çalışacağam”.

Vaxtilə aşağı yaş qruplarımıza cəlb olunan Rəşadın karyerasının ən yaxşı dövrü “Neftçi”də olub. “Rəvan”ın Premyer Liqaya yüksəlməsi futbolçuya yenidən güclülər dəstəsində oynamaq imkanı verir: “Neftçi” ilə yanaşı, “Muğan”, “Gənclərbirliyi”, MOİK, “Ədliyyə”də çıxış etmişəm. “Neftçi”dən sonra karyeramda eniş oldu. Bunda öz səhvlərim də oldu. Yüksək liqada özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Komandamız ötən mövsüm Premyer Liqaya çıxmağı qarşısına məqsəd qoydu və 2-ci yeri tutaraq, buna nail oldu. Sevinirəm ki, yenidən güclülər dəstəsində oynayacağam. Məndə yüksək liqada oyun təcrübəsi var. “Rəvan” Premyer Liqada debüt mövsümündə möhkəmlənib, özünü yaxşı tərəfdən göstərməyə çalışacaq”.

Qeyd edək ki, Rəşadı ən gözəl qolun müəllifi kimi apasport.az saytının da daxil olduğu 5 nəfərlik münsiflər heyəti seçdi. Digər nominasiya isə final oyunun ən yaxşı futbolçusu idi ki, buna da kubokun qalibi olan “Xəzər Lənkəran”ın kapitanı, milli komandamızın da əsas qapıçısı olan Kamran Ağayevi layiq gördük. Onlara bu gün NBC Bank və Peşəkar Futbol Liqasının rəhbərliyini tərəfindən mükafatlar təqdim olundu.

Mehman SÜLEYMANOV