Zaur Tağızadə Sadıq Sadıqovu tərifləyib, “Qarabağ”a keçdi
25.05.2011 - 22:32
Zaur Tağızadə Sadıq Sadıqovu tərifləyib, “Qarabağ”a keçdi
Azərbaycan futbolunun yetişdirdiyi ən istedadlı oyunçulardan biri Zaur Tağızadə bu gün "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovla görüşüb. Apasport.az saytının xəbərinə görə, "Neftçi"nin əvəzedici heyətində məşqçi vəzifəsində çalışmış Tağızadə klub rəhbəri ilə görüşdə gələcək planlarından danışıb: “Bu komandada karyeramın unudulmaz illərini keçirmişəm. Ötən il zədə ucbatından karyeramı başa vurduqdan sonra rəhbərlik əvəzedici heyətdə məşqçi işləməyimi tövsiyə etdi. Çox sağ olsun Sadıq müəllim, mənim bu komandada da çalışmağım üçün bütün şəraiti yaratdı. Bir il ərzində əvəzedici heyətdə təcrübə qazandım. "Neftçi" rəhbərliyi Premyer Liqanın son turunda "Xəzər Lənkəran"la matçda vida görüşümü də təşkil etmişdi. Lakin vacib şəxsi işlərimlə əlaqədar olaraq, ölkə hüdudlarından kənarda idim və buna görə vida oyunu keçirilmədi”.

Tağızadə bildirib ki, yaxın gələcəkdə "Neftçi" rəhbərliyi ilə müzakirələrdən sonra vida matçının vaxtını dəqiqləşdirəcək: “Bir neçə gün bundan əvvəl Azərbaycanın digər tanınmış klubu "Qarabağ"ın əsas komandasından məşqçi vəzifəsinə təklif aldım. Bügünkü görüşdə bu məsələni də müzakirə etdik. Sadıq müəllim bu istəyimi də anlayışla qarşıladı, mənə öz xeyir-duasını çatdırdı. Buna görə "Neftçi"nin prezidentinə minnətdarlığımı bildirirəm və futbolumuzun flaqmanına gələcək yarışlarda uğurlar arzulayıram. Mən "Neftçi"li olmağımla həmişə fəxr edirəm".