“Volqa”nın prezidenti Cavadovu hücumda oynatmayacaqlarını açıqladı
18.07.2011 - 09:10
“Volqa”nın prezidenti Cavadovu hücumda oynatmayacaqlarını açıqladı
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Rusiyanın “Volqa” klubunda fərqli mövqedə oynamalı olacaq. Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçumuz Nijni-Novqorod təmsilçisində mərkəz hücumçusu kimi çıxış edə bilməyəcək. Buna səbəb klubun gürcü hücumçu Qoqita Qoquanı transferə çıxarmağıdır.

Məsələyə aydınlıq gətirən “Volqa”nın prezidenti Aleksey Qoyxman “Krasnodar” klubuna keçən digər gürcü hücumçu – Otar Martsvaladzenin yerinə götürdükləri Cavadovu cinahda oynatmalı olacaqlarını bildirib: “Artıq bir aydır yeni bir potensial futbolçunun keçidi ilə bağlı məqsədyönlü iş gedir. Yalnız onu deyim ki, bu, nijni-novqorodludur. Biz onu doğma şəhərə qaytarmaq istəyirik. Bundan əlavə, Qoquanın gedişi ilə əlaqədar Martsvaladzenin yerinə götürdüyümüz Cavadovu yəqin ki, sol cinah yarımmüdafiəçisi mövqeyində istifadə etməli olacağıq. Buna görə də indi hücumçu axtarışı ilə bağlı iş gedir. Təkliflər var, o cümlədən hazırda azad agent statusu olan çox yüksək səviyyəli futbolçularla bağlı. Ancaq futbolda hətta oyunçular azad agent statusu daşısa belə, pulsuz heç nə olmur. Buna görə də biz axtarışdayıq”.