Miroslav Blajeviçi Çindən qovdular, Bakıya gəlmək şansı artdı
18.07.2011 - 09:24
Miroslav Blajeviçi Çindən qovdular, Bakıya gəlmək şansı artdı
Azərbaycan milli komandasının yoldaşlıq görüşündə növbəti rəqibi olan Makedoniya yığması baş məşqçi axtarışlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, avqustun 10-da Bakıda görüşəcəyimiz yığmanın təcrübəli xorvatiyalı mütəxəssis Miroslav Blajeviçlə anlaşmaq şansı yüksəlib. Bu, 76 yaşlı çalışdırıcının hazırda işsiz olmağı ilə bağlıdır.

Blajeviç son vaxtlar çalışdığı Çinin olimpiya yığmasından istefaya göndərilib. Çinin Futbol Assosiasiyasının rəhbərliyi təcrübəli məşqçi ilə əməkdaşlığı dayandırdıqlarını bəyan edib. Blajeviç ötən ilin dekabrından bu ölkənin olimpiya yığmasını çalışdırıb. Ancaq onun rəhbərliyi altında komanda gələn il Londonda keçiriləcək Olimpiadaya vəsiqə qazana bilməyib. Buna görə də ölkənin futbol rəhbərliyi xorvatiyalını istefaya göndərməyi qərara alıb.

Blajeviçin ən böyük uğuru 1998-ci ildə Xorvatiya milli komandasını dünya çempionatının bürünc mükafatçısı etməsidir. Maraqlıdır ki, onda xorvatlar Fransada keçirilən final mərhələsinin ¼ finalında Almaniya yığmasına böyük hesabla qalib gəlib (3:0) və nəticədə Blajeviç Foqtsu postundan istefaya göndərilməsinin səbəbkarı olub. Digər maraqlı məqam odur ki, onun adı sonradan milli komandamızın sükanı arxasında almaniyalı həmkarının əvəzləyicisi kimi hallanırdı.

Qeyd edək ki, Makedoniya yığmasının baş məşqçisi postuna digər namizədlər almaniyalı Klaus Auqentallerlə fransalı Alan Jiressdir.