“Neftçi” balansı dəyişə biləcəkmi?
18.07.2011 - 23:08
“Neftçi” balansı dəyişə biləcəkmi?
“Neftçi” tarixində 3-cü dəfə avrokubok matçını iyulun 19-da keçirəcək. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə qarşılaşacaq paytaxt təmsilçisi artıq 2 dəfə bu tarixdə meydana çıxıb.

2007-ci ildə UEFA kuboku çərçivəsində Avstriyada “Rid”in qonağı olan “Neftçi” həmin qarşılaşmadan məğlub ayrılmışdı – 1:3. O qədər də güclü olmayan rəqiblə Bakıdakı görüşdə isə bakılılar 19 iyul məğlubiyyətinin əvəzini çıxa bilməmişdi – 2:1.

2008-ci ildə isə “Neftçi” 19 iyul tarixini qələbəyə boyadı. Təmsilçimiz İntertoto kubokunun III mərhələsində Rumıniyanın “Vaslui” kimi güclü klubu Bakının qonağı oldu. O vaxtkı “Neftçi” belə iddialı rəqibi də məğlub yola saldı – 2:1. Lakin cavab oyununda bu üstünlüyü qorumaq mümkün olmadı – 0:2.

Göründüyü kimi, iyulun 19-da 1 qələbəyə sevinib, 1 məğlubiyyətə üzülən “Neftçi” bu balansı öz xeyrinə dəyişə, həm də ilk dəfə sonda mərhələ adlaya bilər. Axı 19 iyul tarixi ilə bağlı olan cütlərdə sevinən əcnəbilər olub.