Gələcək üçün qələbə
18.07.2011 - 17:18
Gələcək üçün qələbə
Sabah Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ölkəmizin bu turnirdəki təmsilçisi “Neftçi” Zaqreb “Dinamo”su ilə təkrar görüşə çıxacaq.

“Ağ-qaralar” yarışda çıxışını davam etdirmək üçün çətin vəzifənin öhdəsindən gəlməlidirlər. Belə ki, komandamız “Maksimir” stadionunda 0:3 hesabı ilə uduzduğundan, evdə mütləq böyük hesabla qalib gəlməlidirlər. Özü də bunu qol buraxmadan etmək lazımdır. Çünki 4:1, 5:2 hesablı qələbə qazansaq belə, bu, “Dinamo”nun xeyrinə olacaq. Çünki kubokda 2 oyunun nəticəsinə görə qollar bərabər olarsa, rəqib meydanında top vuran komandaya üstünlük verilir.

Təbii ki, belə qarşılaşmalarda futbolçuların psixoloji durumu, qələbə istəyi, əzmkarlığı, mübarizliyi və ən nəhayət, erkən qoldan çox şey asılıdır. Ancaq qol vurmaq üçün böyük qüvvə ilə hücuma atılmaq lazım olsa belə, müdafiəni unutmamalı, qapının toxunulmazlığını qorumaq gərəkdir. Əks təqdirdə, mərhələ adlamaq şansı minimuma enəcək.

Darmadağının əvəzini çıxmaq nə qədər çətin vəzifə olsa da, ruhdan düşməyib, sonadək mübarizə aparmaq lazımdır. Elə ötən il ÇL-də çıxışımızı yada salmaq yetərlidir. Onda “İnter” də güclü rəqiblə - Polşanın “Lex” klubu ilə düşmüşdü. Özü də çempionumuz evdə uduzduğundan (0:1), hesabdan silinmişdi. Elə rəqib də artıq özünü növbəti mərhələdə hiss etdiyindən, meydana arxayın çıxmış və az qala bunun acısını çəkəcəkdi. “İnter” çılğın polşalı azarkeşlər qarşısında keçirilən görüşdə sona kimi mübarizə apararaq, matçın axırında vurduğu qolla 2 oyuna görə ümumi hesabı bərabərləşdirdi. Qalibi müəyyənləşdirmək üçün təyin edilən nə 30 dəqiqəlik əlavə vaxt, nə də oyundan sonra vurulan 5 penalti nəticə verdi. Komandanın bütün 11 futbolçusu zərbələri vura bildi və yalnız “İnter”in gürcü qapıçısı Georgi Lomayanın qeyri-dəqiq zərbəsi cütün taleyini həll etdi.

Əlbəttə, bu dəfə hesab minimal yox, böyük hesablı olsa da, cavab oyununu evdə keçirməyimiz böyük üstünlükdür. “Neftçi” Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarını dolduran çoxsaylı azarkeşləri dəstəyi altında ruh yüksəkliyi ilə ilk dəqiqələrdən hücuma atılacaq. “Maksimir” stadionunda xorvat azarkeşlərin necə ab-hava yaratdığı yaddaşlardan silinməyib. Azarkeşlərə əbəs yerə “12-ci oyunçu” demirlər ki? Necə deyərlər, indi növbəti bizim azarkeşlərindir və mərkəzi arenanın dolması “Neftçi”yə əlavə güc verəcək.

Zaqreblilər indiyədək avrokuboklarda bir dəfə Bakıda meydana çıxıblar. Bu, elə ÇL-də 4 il öncə “Xəzər Lənkəran”la görüş olub. “Dinamo”nun klublarımızla debütü məhz Respublika stadionunda reallaşıb və 1:1 hesabı ilə nəticələnib. Bu dəfə Xorvatiya çempionu paytaxtımıza cavab oyununu keçirmək üçün gələcək və evdə qazandığı böyük hesablı qələbə ilə mərhələ keçmək şansını artırıb. Yəqin ki, zaqreblilər ölkəmizə cavab görüşünü formal sayaraq, daha çox HİK-lə oyunu düşünərək, gəliblər.

Ötən cümə atılan püşklə “Dinamo” – “Neftçi” cütünün qalibini HİK (Finlandiya) – “Banqor Siti” (Uels) cütünün qalibi ilə görüşəcək. Finlər səfərdə 3:0 hesabı ilə qalib gəldiklərindən, növbəti mərhələyə demək olar çıxıblar.

Təbii ki, “Neftçi”nin mərhələ keçmək işi çətin olsa da, qələbə qazanmaq mütləq lazımdır. Bu, ilk növbədə UEFA-nın klub reytinqində xal ehtiyatımızı artırmaq üçün gərəkdir. Səfərdə məğlubiyyətlə qayıdan komandalarımız, elə “Xəzər Lənkəran” da doğma azarkeşlər qarşısında mərhələ keçməsə belə, ən pis halda, qalib gəlməlidirlər. UEFA-nın reytinqində yüksək olmağımız isə həm ölkəmiz, həm də klublarımızın gələcəkdə avrokuboklarda daha münasib rəqiblərlə düşməsi üçün yaxşıdır.

Qeyd edək ki, sabah saat 21:00-da başlayacaq “Neftçi” – “Dinamo” oyununu estoniyalı Hannes Kaasık idarə edəcək.

Mehman SÜLEYMANOV