Millimizin sabiq baş məşqçisi dünyanın rəmzi yığmasında!
19.07.2011 - 10:22
Millimizin sabiq baş məşqçisi dünyanın rəmzi yığmasında!
İsveçrə millisinin baş məşqçisi Otmar Hitsfeld Azərbaycan yığmasının sabiq çalışdırıcısı Karlos Alberto Torresi fərqləndirib. Apasport.az saytının məlumatına görə, 62 yaşlı isveçrəli mütəxəssis bütün dövrlər üçün dünyanın rəmzi yığmasının heyətini açıqlayıb.

Hitsfeld 2005-06-cı illərdə millimizi çalışdırmış Torresə müdafiənin mərkəzində əfsanəvi Frants Bekkenbauerlə birgə yer verib. O, qapıda Zepp Mayer, müdafiənin sol və sağ cinahlarında müvafiq olaraq Paulo Maldini ilə Filip Lama, orta sahədə Dieqo Maradona, Zinəddin Zidan, Yohan Kroyff, Pele, hücumda Herd Müllerlə Lionel Messiyə üstünlük verib. Hitsfeldin fikrincə, 1970-ci ildə Pelenin yer aldığı Braziliya yığmasının kapitanı kimi dünya kubokunu başı üzərinə qaldıran Karlos Alberto dünyanın ən yaxşı müdafiəçilərindən olub.

Hitsfeld millimizin hazırkı almaniyalı çalışdırıcı Berti Foqtsun adını çəkməsə də, onun komandasını ən yaxşı seçib. Söhbət Foqtsun 1972-ci ildə Avropa, 2 il sonra dünya çempionu olduğu Almaniya yığmasından gedir: “1972-ci ildə Almaniyanın fantastik yığması olub. Yeri gəlmişkən, bu komanda həmin il Avropa çempionatının finalında SSRİ yığmasına qalib gəlib. Almanlar onda əla oynayırdılar, bundan 2 il sonra dünya çempionu oldular”.

Qeyd edək ki, Dortmund “Borussiya”sı və “Bavariya” klublarında işi ilə tanınan Hitsfeld 2 dəfə Çempionlar Liqasını (ÇL) və Qitələrarası Kuboku, 1 dəfə UEFA kubokunu qazanıb. O, Qitələrarası kuboku qazandığı 1997 və 2001-ci illərdə dünyanın ən yaxşı məşqçisi seçilib.