Rəşad Sadiqov: “Streymur”u aut atmağa qoymamalıyıq
19.07.2011 - 13:00
Rəşad Sadiqov: “Streymur”u aut atmağa qoymamalıyıq
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 21-də “Streymur”la cavab matçına çıxacaq “Qarabağ” klubunun kapitanı Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi

- 2 gündən sonra komandanızı Farer adaları təmsilçisi “Streymur”la cavab oyunu gözləyir. Görüşə hazırlıq hansı səviyyədədir?
- Farer adalarından qayıtdıqdan sonra demək olar istirahət etməmişik. Bilirik ki, qarşıdan çətin və məsuliyyətli oyun gəlir. Yaxşı hazırlaşmışıq, zədəli futbolçunun olmaması bizi sevindirir.

- Heç kollektiv şəkildə oturub ilk matçı izləyib, analiz aparmısınızmı?
- Düzü belə hal baş verməyib. İnşallah, bu gün axşam məşqçi və futbolçu heyəti oteldə bir araya gəlib, ilk görüşü analiz edəcəyik.

- Səfərdə hər şey istədiyiniz kimi gedirdi. Amma son saniyələrdə qol buraxıb, heç-heçəyə razılaşdınız. Bu, arxayınçılıqdan irəli gəlmədi ki?
- Futbolu gözəlləşdirən elə onun gözlənilməz hadisələrlə dolu olmasıdır. Əgər oyunda maraqlı hadisə baş vermirsə, deməli, meydançada hərəkətsizlik var. Həmin matçda bizdə arxayınçılıq yox idi. Sadəcə, meydan sahibləri gözəl hücum təşkil edib qol vurdular.

- “Qarabağ”ın cərimə meydançası həndəvərində “Streymur”un üzvləri çox rahat davranırdılar. Sizcə, bu nədən irəli gəlirdi?
- Rəqibi zəif saymaq olmaz, onların da öz taktiki sxemləri vardı və doğma meydanda qələbə qazanmaq istəyirdilər. Razıyam ki, bəzi hücumları zamanı bizdə mövqe problemi olurdu. Bu, adətən rəqibin aut atışlarından sonra baş verirdi. “Streymur”da “Qəbələ”nin üzvü Lyuba Baranin kimi uzaq məsafəyə aut atan futbolçu var. Onlar hücumlarını belə aut atışlarının hesabına gerçəkləşdirirdilər.

- Bunun qarşısını almağın yollarını tapmısınızmı?
- Bəli. Gərək öz cərimə meydançamızın yaxınlığında topu kənara vurmayaq və onlar da aut atışı yerinə yetirməsinlər. “Streymur”u aut atışlarından məhrum etməliyik.

- Bu işdə sizin üzərinizə də böyük iş düşür. Çünki kapitansınız və meydanda baş məşqçinin vəzifəsini müvəqqəti olaraq, icra edirsiniz. Yəqin ki, oyunun gedişində komanda yoldaşlarınıza müəyyən tapşırıqlarınızı da verəcəksiniz...
- Bizdə kapitana heç ehtiyac da yoxdur. Komandamızda Fərhad Vəliyev, Rəşad Sadıqov, Georgi Adamiya, Ansi Aqolli kimi təcrübəli futbolçular oynayır. Adlarını çəkdiyim futbolçuların hamısı liderlik xüsusiyyətlərinə malikdirlər. Onlar da kapitan sarğısını daşıya bilərlər. Əgər bu iş mənə tapşırılıbsa, canla başla həyata keçirəcəyəm. “Qarabağ” kimi komandanın kapitan sarğısını daşımaq qürurvericidir. Bu vəzifədən əsasən səfər matçlarında istifadə edirəm. İnşallah, Qurban Qurbanov oyundan öncə öz tapşırıqlarını verəcək. Məncə, oyunun gedişi zamanı çox danışmağıma ehtiyac qalmayacaq.

- Şəxsən siz Farer adaları təmsilçisini məğlub edəcəyinizə inanırsınızmı?
- Ümid və inam həmişə olmalıdır. Əgər bədbinliyə qapılsan, heç mübarizə aparmağa da ehtiyac yoxdur. Ürəyimdə belə bir hiss var ki, “Streymur” üzərində qələbə çalıb, növbəti mərhələyə adlaya biləcəyik. Oyunun hansı hesabla nəticələnəcəyini isə deyə bilmərəm.

- Hələ “Neftçi”də çıxış edən vaxtdan bəri Avropa Liqasının oyunlarında məhsuldarlığınızla seçilmisiniz. Qarşıdakı oyunda azarkeşlər sizdən qol gözləsinlərmi?
- Avrokuboklarda kimin qol vurması elə də əhəmiyyətli deyil. Belə oyunlarda komandanın və ölkənin imici əsas götürülür. Bu oyunda da kimin qol vurması yox, komandanın qələbəsi əsasdır. Əgər əlverişli vəziyyətdə olsam, qol vuracağam. Əks təqdirdə, xəsislik etməyib, komanda yoldaşımın fərqlənməsinə şərait yaradacağam.

- “Streymur”u keçsəniz, Avropa Liqasının III təsnifat mərhələsində güclü “Brügge” ilə görüşəcəksiniz. Bu komanda barədə nə deyə bilərsiniz?
- “Brügge”nin yoxlama matçında Almaniya təmsilçisi “Bayer”ə qalib gəldiyini bilirəm. Amma bu komandanın hər hərəkətini izləmirik. Çünki bu komanda ilə görüşmək üçün ilk növbədə “Streymur” səddini keçməliyik. Odur ki, “Brügge”nin nə etməsi hələlik bizim üçün maraqlı deyil.

- Sizcə, Tofiq Bəhramov adına Respublika stadionunda izdiham olacaqmı?
- “Qarabağ”ın Avropadakı uğurlu çıxışının tarixçəsi üç il bundan qabaqdan başlanır. Biz həmişə ad, xalq və azarkeşlər naminə oynamışıq. Azərbaycan xalqı oyunlar zamanı bizə həmişə dəstək olub, izdihamın şahidi olmuşuq. İnanıram ki, yenə bizi tək buraxmayacaqlar və qələbə sevincini bizimlə paylaşacaqlar.

- Sonda “Qarabağ”dakı gələcək karyeranızla bağlı danışaq. Ağdam təmsilçisinin heyətində özünüzü necə hiss edirsiniz və burada nə qədər qalmaq fikriniz var?
- “Qarabağ”a Qurban Qurbanovun bir sözü ilə gəlmişəm. Hazırkı klubumla hələ bir illik müqaviləm qüvvədədir. Burada özümü rahat hiss edirəm. İnşallah, gələcəkdə də Qurban Qurbanovun rəhbərliyi altında çıxış edib, “Qarabağ”a yeni uğurlar qazandırmaq barədə düşünürəm.