Yunis Hüseynov seçim arasında
19.07.2011 - 15:44
Yunis Hüseynov seçim arasında
“İranda işləməklə bağlı hələlik son qərarımı verməmişəm. Fikirləşirəm ki, ora gedim, ya getməyim”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Karvan” klubunun sabiq baş məşqçisi Yunis Hüseynov deyib.

Ötən yay Yevlax təmsilçisi I diviziona düşəndən sonra istefa verən 46 yaşlı çalışdırıcının İranda işləmək variantı var. Ancaq hələ bunu dəyərləndirməyən Hüseynov tələsməyə ehtiyac görmür: “Mənimlə maraqlanan komanda İranın yüksək yox, I liqasında çıxış edir. Orada isə mövsüm sentyabrda başlayacaq. Yəni hələ 2 ay var. Adını açıqlamaq istəmədiyim komanda Təbrizə yaxın ərazidə yerləşir. Bir müddət öncə ora səfər edib, klubun şəraiti ilə tanış olmuşam. İranlılar hələ baş məşqçi postuna kimisə gətirməyiblər. Mənimlə mütəmadi əlaqə saxlamaqla, maraqlarının qaldığını göstərirlər. Sadəcə, mən hələ yekun qərarımı verməmişəm”.

Hüseynov bildirib ki, xaricdə işləmək asan deyil: “Ailəmi burada qoyub, getmək çətindir. Özüm də bilmirəm ki, necə olacaq. Bəlkə getmədim”.

İranda çempionatın başlanmasına hələ xeyli vaxt olsa da, hər halda, klub baş məşqçisini müəyyənləşdirib, onun rəhbərliyi altında mövsümə hazırlaşmalıdırlar. Həmyerlimiz yaxın vaxtda iranlılara qəti fikrini deyəcəyini bildirib: “Onlara bu həftə qərarımı verəcəyimi demişəm. Hələ ki gözləyirəm. Ola bilər ki, burda işim oldu. Mən məşqçilik karyeramı vətəndə davam etdirmək istərdim. Ancaq bununla əlaqədar nə təklif almışam, nə də söz verən olub”.

Mehman SÜLEYMANOV