Azərbaycan çempionu ilə görüşə bilmədi, tarixə düşdü
20.07.2011 - 10:14
Azərbaycan çempionu ilə görüşə bilmədi, tarixə düşdü
Finlandiya çempionu HİK Çempionlar Liqasının (ÇL) yeni rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin potensial rəqibi olan Helsinki təmsilçisi 1992-ci ildən tarixi başlayan ÇL-də ən böyük hesablı qələbəyə imza atan komanda olub. Bu, Uelsin “Banqor Siti” klubunu evdə 10:0 hesabı ilə məğlub etməklə reallaşıb.

HİK hələ ilk oyunda səfərdə də böyük hesabla qalib gələndən (3:0) sonra “Neftçi” – “Dinamo” (Zaqreb) cütünün qalibini gözləyirdi. Bu dəfə Uels çempionunu darmadağın edən Finlandiya təmsilçisində 7 futbolçu qol vurub ki, bunu da görünməmiş hal saymaq olar. Hər halda, belə böyük hesabla nəticələnən oyunlarda adətən het-trik, poker, hətta penta-trik qeydə alınır. Ancaq Helsinkidəki görüşdə hətta het-trik edən futbolçu olmayıb. Yalnız 3 futbolçu dubl edib, qalan 4 qolu hərəyə 1 oyunçu vurub.
Çempionlar Kubokunun 1992-ci ildən adlandığı ÇL-də indiyə kimi ən böyük hesablı qələbə 8:0 hesabı ilə olmuşdu. Özü də buna 4 komanda – “Dinamo” (Kiyev, Ukrayna), “Koşitse” (Slovakiya), “Liverpul” (İngiltərə) və “Partizan” (Serbiya) imza atıb.

Qeyd edək ki, HİK-lə avrokubokda olmasa da, bir dəfə görüşmüşük. Bu, 2009-cu ildə “Birlik kuboku” turnirində olub. Həmin Moskvada keçirilən yarışda ölkəmizi təmsil edən “İnter” qrupda HİK-ə 2:0 hesabı ilə qalib gəlmişdi.