“Simurq”un keçmiş prezidenti Sergey Yurana yol göstərdi
20.07.2011 - 23:06
“Simurq”un keçmiş prezidenti Sergey Yurana yol göstərdi
"Rusiyalı mütəxəssis Sergey Yuranın “Simurq”un baş məşqçisi postuna gətirilməsindən xəbərim var. Düzü, onun haqqında geniş məlumatım yoxdur. Hər halda, bilirəm ki, yaxşı futbolçu olub və futbol təsərrüfatında biliklərə malikdir". Bu sözləri apasport.az saytına açıqlamasında "Simurq"un sabiq prezidenti Zaur Məmmədov deyib.

Məmmədov 2006-cı ildən tutduğu prezident postundan 1 ay öncə öz istəyi ilə ayrılıb. Amma keçmiş klubu ilə mütəmadi əlaqədə olduğunu bildirib: "İşdən ayrıldıqdan sonra futbola marağım azalmayıb. Hələ də futbolla maraqlanıram. Hətta "Simurq"la əlaqə saxlayıb, komandadakı vəziyyətlə tanış oluram. Komandanın elitaya qayıtmasına sevindim. Artıq uzun müddətdir ki, təlim-məşq toplanışına başlayıblar, hazırlaşırlar. Məncə, elitada mübarizə aparmaq onlar üçün çətin olmamalıdır".

Əcnəbi mütəxəssislə iş təcrübəsi olan Məmmədov Yurana uğur qazanmağın yollarını da göstərib: "Adətən baş məşqçi gələndə öz ölkəsində tanınmış futbolçuları yanına cəlb edir. Məncə, Yuran da belə etməlidir. Səviyyəli legionerlər cəlb etməklə Azərbaycan çempionatında uğur qazanmaq mümkündür".

Məmmədov sonda nə vaxtsa futbol sektoruna qayıdacağını da istisna etməyib: "İndi tam başqa sahədə fəaliyyət göstərirəm. Bəzi işlərimi yoluna qoymalıyam. Nə vaxtsa futbol sektoruna qayıda bilərəm. Amma bunun heç baş tutmaması da mümkündür".