21 iyul – SUPERgün: Qələbə qazanmamaq günahdır! - STATİSTİKA
20.07.2011 - 23:10
21 iyul – SUPERgün: Qələbə qazanmamaq günahdır! - STATİSTİKA
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları Azərbaycan üçün uğurlu bir gündə keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Qarabağ” və “Xəzər Lənkəran” 21 iyul tarixinin müvəffəqiyyət seriyasını davam etdirməyə çalışacaq.

Müvafiq olaraq “Streymur” (Farer adaları) və “Makkabi” (Təl-Əviv) klublarını qəbul edəcək təmsilçilərimiz futbol tariximizin ən yaxşı günlərindən birinə kölgə salmamalıdır.

Belə ki, ilin az qala hər günündə Azərbaycana məğlubiyyət bəxş edən futbolçularımız yayın bu qızmar günündə pərəstişkarlarını hələ məyus etməyib. İndiyədək avrokuboklaradkı oyunumuz 4 dəfə iyulun 21-də keçirilib.

Heç adamın inanmadığı dərəcədə uğurlu olan gündəki 4 qarşılaşmanın hamısında da qalib gəlmişik. Özü də hər dəfə bu cavab matçına təsadüf edib. 3 dəfə ölkəmizdə, 1 dəfə səfərdə - həmişə də qələbə. Belə SUPERgünün ənənəsini qırmaq isə az qala günah sayılar. Buna görə də “Qarabağ”la “Xəzər Lənkəran” mütləq və mütləq qələbə qazanmalı, 21 iyuldakı qələbələrimizi 6-ya çatdırmalıdır.

Bu tarixə təsadüf edən qələbələrimizdən ikisi mərhələ keçməyə kifayət etməsə də, qazanılan uğurları xatırlamağa dəyər.

1999-cu ildə “Kəpəz” Makedoniya çempionu “Sloqa Yuqomaqnat”ı 2:1 hesabı ilə yensə də, ilk oyundakı məğlubiyyətin (0:1) əvəzini çıxa bilmədi. Ancaq qələbə qələbədir.

5 il sonra isə eyni hesablar fərqli şəkildə qeydə alındı. “Neftçi” Bosniya və Herseqovinada “Şiroki Briyeq”ə 1:2 hesabı ilə uduzub, Bakıdakı 1:0 hesabına mərhələ keçdi.

Növbəti 5 ildən sonra isə “Bakı” Litva “Ekranas”ını məyus yola saldı – 4:2. Səfərdəki heç-heçədən (2:2) sonra bu mərhələ keçməyə kifayət idi.

Bir il sonra, yəni ötən il öz meydanında “Lex”ə 0:1 hesabı ilə uduzan “İnter” Polşa çempionunu səfərdə məğlub etdi. Eyni hesabla bitən görüşün taleyini həll edən penaltilər seriyasında isə panlar sevindi – 9:8. Lakin həmin görüş iyulun 21-də keçirdiyimiz 4-cü matçda 4-cü qələbə kimi tarixə düşdü.