Qurban Qurbanov: Çatışmayan cəhətlərimiz çoxdur
20.07.2011 - 22:26
Qurban Qurbanov: Çatışmayan cəhətlərimiz çoxdur
"Oyuna çox ciddi hazırlaşmışıq. Rəqibimiz güclüdür və bilirik ki, bizi çətin oyun gözləyir". Apasport.az saytının məlumatına görə, bu sözləri "Streymur"la oyundan öncə təşkil olunmuş mətbuat konfransında "Qarabağ" klubunun baş məqşçisi Qurban Qurbanov deyib.

Qurbanov bildirib ki, sabah qələbə qazanacaqlarına inanır: "Bilirəm ki, hər kəs bizim qrup mərhələsinə düşəcəyimizi gözləyir. Lakin bu elə də asan deyil. Çünki rəqiblərimiz güclüdür. Uduzmağı sevməyən bir komandaya qarşı oynayacağıq. Onlar da sona qədər mübarizə aparırlar. Rəqibin yaxşı heyəti və təhlükəli oyunçuları var. Oyunu penaltilərə daşımaq bizim üçün ağır nəticələnə bilər. Penaltilər seriyası haqda düşünmək belə istəmirik. Futbolçuları da bu yöndə hazırlamadım. Çünki bu, oyunçulara psixoloji təsir göstərə bilərdi. Ona görə də, penaltiləri məşq etməyi lüzum görmədim".

Qurbanov eyni zamanda komandasının transfer məsələsinə də toxunub: "Əgər yeni oyunçular transfer etsək, onların tez bir zamanda komandaya uyğunlaşması çətin olacaq. Ona görə də, əsas məqsədimiz bu heyəti qorumaq və pley-offadək irəliləməkdir. Ümumilikdə isə çatışmayan cəhətlərimiz çoxdur. Avropa futbolundan geri qalırıq. Hələ də, bəzi klublarımızın bazası yoxdur. Lakin mən sabah "Xəzər Lənkəran"ın mərhələ adlayacağına inanıram. Real yanaşsaq isə biz hələlik Avropanın ortabab klubları ilə oynaya bilərik".