“Neftçi”dən çox pul istəyən futbolçu müəyyənləşdi
21.07.2011 - 18:01
“Neftçi”dən çox pul istəyən futbolçu müəyyənləşdi
Bakının “Neftçi” klubunun transfer etmək istədiyi futbolçunun kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında bərbad çıxış edən ağ-qaraların baş məşqçisi Arif Əsədovun bəyəndiyi serb futbolçu Brana İliç olub. Lakin Serbiya milli komandasının 26 yaşlı hücumçusu paytaxt klubuna keçməkdən ötrü böyük məbləğdə pul istəyib.

Əsədovun saytımıza açıqlaması da ona aid olub: "Çempionlar Liqasından öncə heyətimizə səviyyəli futbolçular cəlb etmək istədik. Amma onların istədikləri məbləğ bizim büdcəmizlə üst-üstə düşmədi. Serbiya yığmasının və "Voyvodina" klubunun bir futbolçusu ilə maraqlansaq da, keçid alınmadı. Çünki o çox pul istəyirdi".

Çünki Serbiya milli komandasının üzvlərindən yalnız ikisi “Voyvodina”nın şərəfini qoruyur. Bunlar müdafiəçi Miroslav Vuliçeviç və hücumçu Brana İliçdir. Müdafiə xətti az-çox qaydasında olan bakılıların fasilə dövrünsə hücuma meylli oyunçular axtardığı məlum idi. Bu üzdən də Əsədovun Vuliçeviçi deyil, İliçi nəzərdə tutduğunu söyləmək olar.

Serbiya millisində bu il debüt edən İliç ötən ayın 3-də Cənubi Koreya ilə yoldaşlıq oyununun iştirakçısı olub. Keçən ilin yayında “Partizan”dan “Voyvodina”ya transfer olunub. Son mövsümdə o, 22 oyuna 6 qol vurub.