Elxan Məmmədov: Biz London “Arsenal”ına öz təklifimizi etmişik
21.07.2011 - 14:38
Elxan Məmmədov: Biz London “Arsenal”ına öz təklifimizi etmişik
Londonun “Arsenal” klubu nümayəndəsini Azərbaycana göndərib. Apasport.az saytının məlumatına görə, bu haqda AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında bildirib. Məmmədov onların dəvəti ilə Bakıya gələn İngiltərənin ən adlı-sanlı komandasının uşaq yay düşərgələri üzrə koordinatorunun Mərdəkan qəsəbəsindəki “Dalğa-Arena”da vəziyyətlə, həmçinin orada istirahət üçün çimərlik zonası ilə tanış olduğunu deyib: “Arsenal”ın nümayəndəsi burada gördükləri şəraiti çox bəyənib. Biz bu kluba öz təkliflərimizi etmişik. Bu da London təmsilçisinin yayda burada düşərgə salması ilə bağlıdır. İngilislər burada istirahət edə bilərlər. Ancaq bu, mülki şəxslər və 6-16 yaşlı uşaqlara aiddir. Bildiyiniz kimi, “Arsenal” dünyanın müxtəlif yerlərində belə düşərgələrinin olması ilə bağlı layihəsini həyata keçirir. Biz də onlara belə müəyyən ödənişlərin müqabilində belə xidmətlər göstərə bilərik. Əgər “Arsenal” təklifimizi müsbət cavablandırarsa, danışıqlar nəticəsində əməkdaşlığımız baş tutacaq”.

Mehman SÜLEYMANOV