“Dalğa Arena”da Mətbuat günü: AFFA jurnalistləri Mərdəkanda təbrik etdi
21.07.2011 - 15:03
“Dalğa Arena”da Mətbuat günü: AFFA jurnalistləri Mərdəkanda təbrik etdi
Bu gün AFFA Milli Mətbuat günü ilə əlaqədar görüş keçirib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumumuz jurnalistləri ölkəmizdə hər il keçirilən bu əlamətdar gün münasibətilə təbrik edib. AFFA-nın inzibati binasının qarşısında yığışan həmkarımızla birgə milli komandamızın avtobusunda Mərdəkan qəsəbəsində 7000-ə yaxın tutumu olan “Dalğa Arena”ya yollandıq. Orada bizi qarşılayan AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu, assosiasiyanın rəsmisi, Futbol Akademiyasının rəhbəri Elnur Məmmədov yaxında istifadəyə verilən arena bizi ilə yaxından tanış etdilər. Məmmədov FİFA və UEFA prezidentləri Yozef Blatterlə Mişel Platininin ötən ay rəsmi açılışında iştirak etdiyi “Dalğa Arena” haqda ətraflı məlumat verdi. FİFA-nın 2 ulduz verdiyi arenadakı ümumi vəziyyət, qazon, mətbuat konfransı zalı və paltardəyişmə otaqları ilə həm tanış olmaq, həm də lazımı məlumatlar almaq imkanı qazandıq.

Bundan sonra jurnalistlərlə görüşən AFFA-nın baş katibi Elxan Məmmədov onlar qarşısında çıxış edərək, təbriklərini etdi: “İlk növbədə sizləri AFFA prezidenti Rövnəq Abdullayevin adından salamlayıram və 22 iyul Milli Mətbuat günü münasibətilə təbriklərimi çatdırıram. Ölkəmizdə bütün sahələrin, o cümlədən futbolumuzun inkişafında 136 illik tarixi olan mətbuatın böyük rolu var. Dünyada 1 nömrəli idman növü sayılan futbolun təbliğində, reklamında siz jurnalistlərin əvəzsiz xidmətlərinin olduğunu qeyd etmək istərdim”.

Baş katibin sözlərinə görə, mediamızın dünyada müsbət göstəriciləri ilə seçilir: “Futbolumuzun 100 yaşı tamam oldu və biz bunu iyunun 6-da təmtəraqla qeyd etdik. Bununla bağlı FİFA və UEFA prezidentləri Yozef Blatterlə Mişel Platini Bakıda oldular, keçirdiyimiz müxtəlif tədbirlərdə, o cümlədən 60 minlik Olimpiya stadionumuzun təməl qoyması mərasimində iştirak etdilər. Azərbaycan mətbuatının isə artıq 136 yaşının tamam olmağı ölkəmizdə ən azı 100 ildir futbol haqda yazıldığını göstərir. Belə statistik göstəricilər dünyanın 208 ölkəsinin çox az qismində müşahidə olunur”.

Futbolumuzun inkişaf yoluna nəzər salan Məmmədov müxtəlif sahələrdə qazanılan uğurlardan danışarkən, AFFA-nın 3 əsas prioritetini - kütləvi futbol, infrastruktur və təhsili xüsusilə qeyd etdi. O, gələn il Bakıda, elə “Dalğa Arena”da keçiriləcək 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının final mərhələsinin keçiriləcəyinə də toxunaraq, bunu yüksək səviyyədə keçirməyə çalışacaqlarını bildirib: “Bu, komanda idman növündə ölkəmizdə təşkil olunan ilk belə böyük yarışdır. Bəziləri deyir ki, bu, qadınlar arasında turnirdir. Ancaq nəzərə almalıyıq ki, bu, FİFA-nın keçirdiyi yarışdır və bu zaman ayrıseçkilik edilmir. Ölkəmizə dünyanın 15 ən güclü komandası gələcək. 16-cı iştirakçı isə biz olacağıq. Mən deyə bilmərəm ki, bizim də qızlardan ibarət yığma dünyanın ən güclü komandalarındadır. Ancaq biz bu sahənin inkişafına başlamışıq və 17 yaşadək qızlardan ibarət yığmamız təşkilatçı ölkə kimi birbaşa final iştirak edəcək. Bu, futbolda final mərhələsində ilk iştirakımız olacaq”.


Baş katibin jurnalist tənqidi ilə bağlı fikirləri də maraqlı oldu: “Bəzən bizim haqda tənqidi yazılarınız da olur. Düzdür, bu, ilk anda xoş olmur. Ancaq müəyyən müddət keçəndən sonra vəziyyət dəyişir. Yəni yazını diqqətli oxuyub, təhlil edəndən sonra tənqidin haqlı olduğu görüb, bundan nəticə çıxardırıq. Bir sözlə, biz obyektiv tənqidin tərəfdarıyıq. Bu, doğrudan da gördüyümüz işlərin yaxşılaşmasına kömək edir. Sonda bir daha AFFA rəhbərliyi, kollektivi adından hamınızı təbrik edərək, işlərinizdə uğurlar arzulayırıq”.

Qeyd edək ki, Məmmədov sonda jurnalistləri xatirə hədiyyələri təqdim etdi.

Mehman SÜLEYMANOV