“Mənimlə orta səviyyəli komandalar maraqlanırlar”
21.07.2011 - 23:06
 “Mənimlə orta səviyyəli komandalar maraqlanırlar”
Azərbaycan yığmasının sabiq futbolçusu Xaqani Məmmədov Türkiyəyə gedəcək. Apasport.az saytının məlumatına görə, veteran futbolçu əməliyyatdan sonrakı vəziyyəti ilə tanış olmaq üçün bu addımı atacaq.

Bu barədə Məmmədovun özü məlumat verib: "Əməliyyatdan sonra əl ağacı ilə gəzirəm. Türkiyədə məlum olacaq ki, oynaya bilərəm ya yox. İnşallah, iyulun 25-də Türkiyəyə gedəcəyəm".

Məmmədov zədəli olmasına baxmayaraq, bir neçə klubdan dəvət aldığını söyləyib: "Mənimlə orta səviyyəli komandalar maraqlanırlar. Onlara konkret cavab verməmişəm. Çünki zədəm sağalmasa, peşəkar karyeramı bitirə bilərəm".

Qeyd edək ki, Xaqani Məmmədovun son klubu "Xəzər Lənkəran" olub. O, hazırkı baş məşqçi Mirça Rednik tərəfindən heyətdən uzaqlaşdırılıb.