Moti İvanir: Bu gün potensialımızı göstərə bilmədik
21.07.2011 - 21:51
Moti İvanir: Bu gün potensialımızı göstərə bilmədik
“Bizim üçün asan oyun olmadı. Bilirdik ki, bizi çətin oyun gözləyir”. Apasport.az saytının xəbərinə görə, bunu “Makkabi” klubunun baş məşqçisi Moti İvanir deyib.

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Xəzər Lənkəran”la heç-heçə (0:0) oynayan Təl-Əviv təmsilçisinin çalışdırıcısı “ağ-yaşıllar”ın güclü rəqib olduğunu söyləyib: “İki dəfə qol vurmağa yaxın olduq. Əlbəttə, nəzərə alaq ki, bərabər səviyyəli oyun getdi. Amma fikrimcə, biz ikinci hissədə daha yaxşı oynadıq. İlk 5-7 dəqiqədən sonra qarşılaşmaya konsentrasiya ola bildik. Doğma azarkeşlərimiz önündə oynamaq daha rahatdır. Bizim stadion Avropanın ən yaxşılarından biri sayılır. Daha texnikalı komandayıq. Amma bu günkü qarşılaşmada potensialımızı göstərə bilmədik. “Xəzər Lənkəran”a gələcək yarışlarda uğurlar arzulayıram. Mükafat qazanmağa layiq komandadır. Bizi burda qarşılayan hər kəsə təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, “Makkabi” bir həftə əvvəl Təl-Əvivdə baş tutan matçda 3:1 hesablı qazandığından mübarizəni davam etdirir.