“Xəzər Lənkəran” legioner və bir sıra yerli futbolçularla yollarını ayırdı
22.07.2011 - 10:27
“Xəzər Lənkəran” legioner və bir sıra yerli futbolçularla yollarını ayırdı
“Xəzər Lənkəran” klubunun rəhbərliyi Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Makkabi” (Tel Aviv) cavab oyunundan sonra iclas keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yığıncaqda növbəti mövsüm üçün klubun strategiyası və planları təyin olunub.

Müzakirələrin nəticəsindən sonra yayılan bəyanatda bildirilir ki, klubun gələcəyinin yerli gənc futbolçularla bağlanması daha məqsədəuyğun hesab edilib. Bununla əlaqədar klub legioner və bir sıra yerli futbolçularla yollarını ayırmaq qərarına gəlib.

Qərara əsasən, legionerlərə xərclənən vəsait bundan sonra gənc futbolçuların yetişdirilməsinə, aşağı yaş qruplarının təkmilləşməsinə yönəldiləcək. Bunun da məqsədi “Xəzər Lənkəran”ın gələcəyinə və yerli futbolçuların inkişafına daha böyük töhfə verməkdir: “Klub rəhbərliyi bu strategiyanı yeganə doğru yol hesab edərək inanır ki, atılan bu addım “Xəzər Lənkəran”ın və Azərbaycan futbolunun ümumi inkişafına öz töhvəsini verəcək və sadiq azarkeşlər tərəfindən düzgün qarşılanacaq”.

Qeyd edək ki, “Xəzər Lənkəran” “Makkabi” ilə Lənkəranda keçirilən görüşdə qolsuz bərabərlikdən sonra Avroliqada mübarizəni dayandırıb. İsraildəki matç komandamızın 1:3 hesablı məğlubiyyəti ilə nəticələnmişdi.