“Albasete”də oynadı, “Bakı”ya transfer olundu
22.07.2011 - 13:30
“Albasete”də oynadı, “Bakı”ya transfer olundu
“Bakı” voleybol klubu daha bir transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, paytaxt komandası amerikalı Reqan Hudun keçidini həll edib.

Fransa “Myulhaus”dan transfer olunan 27 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. Son 2 ili fransalıların heyətində oynayan Hud bu komanda ilə eyni sayda ölkə çempionatının və 2010-cu ildə Fransa kubokun finalçısı olub.

Yeri gəlmişkən, növbəti mövsümdə “Bakı” “Çelenc Cup”da oynayacağı halda, “Myulhaus” Çempionlar Liqasında oynayacaq və Azərbaycan çempionu “Rabitə” ilə eyni qrupda mübarizə aparacaq.

“Bakı”nın 190 sm boya malik yeni transferi həmçinin, “Palma” (İspaniya, 2005-2006), “Dvingeloo” (Hollandiya, 2006-2007), “Albasete” (İspaniya, 2007-2008) və “Terville” (Fransa, 2008-2009) klublarının şərəfini qoruyub. O, ABŞ-la yanaşı, İtaliya vətəndaşlığını da daşıyır.

Qeyd edək ki, “Bakı” Reqandan öncə braziliyalılar - Renata Kolombo (Renatinya), Barboza Cibele, Alessandra Fratonini, hollandiyalılar - İnqrid Visser, Yannike van Tienen və italiyalı Rafaella Kallonini rənglərinə bağlamışdı. Bundan əlavə, baş məşqçi postu Ancelo Vercesiyə (Braziliya) həvalə edilib.