Rednik apasport.az-a danışdı: Qayıdıram! - EKSKLÜZİV
22.07.2011 - 14:20
Rednik apasport.az-a danışdı: Qayıdıram! - EKSKLÜZİV
“Üzr istəyirəm, ancaq indi sizinlə ətraflı danışa bilməyəcəyəm. Bu, yanımda tərcüməçinin olmamağı ilə bağlıdır”. Bu fikirləri apasport.az saytına eksklüziv açıqlamasında “Xəzər Lənkəran” klubundan ayrılan baş məşqçi Mirça Rednik deyib. Avroliqanın II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”sinə yeniləndən sonra postunu tərk edən rumıniyalı mütəxəssis çoxsaylı sualları cavabsız qoydu.

Təbii ki, Rednikdən soruşulası şeylər çoxdur və bu gün “Xəzər Lənkəran”da baş verənlərin çoxu özü aydınlıq gətirə bilərdi. Bu məqsədlə artıq ölkəmizi tərk edən Redniki axtarmağa başladıq və uzun cəhdlərimiz nəhayət, fayda verdi. Düzdür, 7-8 zəngimizdən sonra bizə cavab verən 49 yaşlı çalışdırıcı ehtiyatlı davranaraq, ürəyini boşaltmadı. O, bunu ingilis dilində təmiz danışa bilməməyi və yanında bu işdə ona yardımçı ola biləcək şəxsin olmamağı ilə əsaslandırdı: “Mən hazırda Rumıniyadayam. “Makkabi” ilə dünənki oyundan sonra vətənimə yollandım. Sizin mənə çoxlu suallarınızın olduğunu bilirəm və mənimlə danışmaq marağınızı başa düşürəm. Ancaq indi suallarınıza cavab verə bilmərəm. Azərbaycana qayıdandan sonra danışarıq. Gələn həftənin bazar ertəsi Bakıya dönəcəyəm. Həmin vaxt mətbuat konfransının keçirilməyi də mümkündür”.

Beləcə fikirlərini bitirən Rednik bir qədər də gözləməyimizi məsləhət bildi. Nə deyirik, gözləyək...

Qeyd edək ki, Rednik “Makkabi” ilə səfər oyununda 1:3 hesabı ilə uduzdu, Lənkəranda qolsuz bərabərliyə imza atdı. “Xəəzr Lənkəran” Avroliqada mübarizəni dayandırandan sonra heyətlə bağlı radikal islahatlar edərək, legionerləri və bir sıra yerli futbolçuları ilə yollarını ayırdı. Rednikə gənc yerli futbolçulardan ibarət komandanı çalışdırmaq təklif edilsə də, o, bunu qəbul etməyib.

Mehman SÜLEYMANOV