“İsraildəki “Xəzər Lənkəran”la burdakını müqayisə etməyə ehtiyac yoxdur”
22.07.2011 - 15:02
“İsraildəki “Xəzər Lənkəran”la burdakını müqayisə etməyə ehtiyac yoxdur”
“Bilirdik ki, Lənkəranda işimiz çətin olacaq. Ona görə də maksimum dərəcədə diqqətli olmağa çalışdıq. “Xəzər Lənkəran” yaxşı komandadır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Təl-Əviv “Makkabi”sinin kapitanı Batista Nivaldo Santana deyib. Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”la görüşən İsrail təmsilçisi “Makkabi” iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib. Belə ki, Tel-Əvivdəki oyunda 3:1 hesabı ilə qələbə qazanan “Makkabi” Lənkərandakı oyunda qolsuz heç-heçəyə nail olub.

Oyunun komandası üçün çətin keçdiyini etiraf edən Santana İsraildəki oyunla və ölkəmizdəki matçda təmsilçimizin çıxışını müqayisə edib: “İsraildəki “Xəzər Lənkəran”la burdakını müqayisə etməyə ehtiyac yoxdur. Çünki biz öz oyunumuza diqqət yetirirdik. Əsas olan bizim necə oynamağımız idi. Yekunda istədiyimiz nəticəni qazandıq və III mərhələyə adladıq”.

Kapitan “ağ-yaşıllar”ın heyətində bir futbolçunu bəyəndiyini deyib: “8 nömrəli futbolçunun (Eder Bonifim) oyunu xoşuma gəldi. Onu fərqləndirmək istərdim”.

Santananın sözlərinə görə, ilk dəqiqədən etibarən vaxt udmaq məqsədi ilə tez-tez yerə yıxılan və həkimin meydana daxil olmasına şərait yaradan futbolçularının bunu qəsdən etmədiklərini deyib: “Biz öz oyunumuzu oynadıq. Əsas olan nəticə qazanmaq idi, buna nail olduq”.