“Simurq” “Çernomorets”in yarımmüdafiəçisi ilə anlaşdı
23.07.2011 - 23:08
“Simurq” “Çernomorets”in yarımmüdafiəçisi ilə anlaşdı
“Komanda Premyer Liqaya hazırlığını Zaqatalada həyata keçirir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun icraçı direktoru Vaqif Əliyev deyib.

“Muğan”ın Premyer Liqada çıxış etməkdən imtinasından sonra elitadakı yerini qoruyan “Simurq” Sergey Yuranı baş məşqçi postuna gətirməklə yarışa cidd hazırlaşdığını ortaya qoyub. Hazırda heyətin komplektləşdirilməsi istiqamətində çalışmalar davam edir.

Junivan Suares, Hüseyin İsgəndərovu baxışa dəvət edən “sarı-qaralar”ın düşərgəsində Albaniya və Serbiyadan futbolçular qoşulacaq. Bu haqda məlumat verən klub rəsmisi oyunçuların baxışa gələcəklərini qeyd edib. “Simurq” hələlik Ukrayna “Çernomorets”inin yetirməsi ilə müqavilə imzalamağa hazırlaşır: “Rəşad Eyyubovu nəzərdə tuturam. O, həm də 19 yaşadək futbolçulardan ibarət yığmanın formasını geyinir. Yarımmüdafiəçinin 18 yaşı var və Ukrayna “Çernomorets”inin yetirməsidir. Orada əvəzedici komandada çıxış edir”.

Bu arada Zaqatala təmsilçisi Yuranın rəhbərliyi altında iyulun 26-da doğma meydanda ilk yoldaşlıq matçını keçirəcək. Sparrinq-rəqib isə “Kəpəz” olacaq: “Əslində, Türkmənistan çempionu il qarşılaşmaq istəyirdik. Ancaq onlar zədəli futbolçularının çox olmasını bəhanə edib, imtina etdilər. Ona görə də “Kəpəz”lə qarşılaşacağıq”.