Tuyqun Nadirov: Bütün bunlar yalandır
23.07.2011 - 23:01
Tuyqun Nadirov: Bütün bunlar yalandır
“Mirça Rednik baş məşqçi postundan istefaya göndərilməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

Avropa Liqasının II təsnifat mərhələsinin “Makkabi” ilə cavab oyunundan sonra cənub təmsilçisinin rəhbərliyinin rumıniyalı çalışdırıcı Mirça Redniki istefaya göndərməsi barədə xəbərlər yayıldı. Ardından isə mətbuat “Palmali” Şirkətlər Qrupunun rəhbərli Mübariz Mənsimovun fəxri-prezidenti olduğu “ağ-yaşıllar”ın rəhbər vəzifələrində çalışan vitse-prezident Tuyqun Nadirovla komandanın rəisi Səməd Mustafayevi hesabat üçün İstanbula çağırmasını yazdı.

Bütün bunlara aydınlıq gətirən Nadirovun sözlərinə görə, komanda rəhbərliyinin İstanbula getməsi həqiqətəuyğun deyil: “Makkabi” ilə oyunun səhəri günü işə çıxmamışdım. Mobil telefonum da bağlı olduğundan bəziləri bizim İstanbula hesabat verməyə getməyimiz yazıb. Amma bütün bunlar yalandır”.

Rednikin komandadan uzaqlaşdırılmasına gəlincə, vitse-prezident bildirib ki, rumın çalışdırıcı gələn həftə Azərbaycana qayıdacaq: “Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra klub rəhbərliyi əcnəbi futbolçulardan imtina etmək qərarına gəldi. Əsas məqsədimiz yerli gənc futbolçularla işləməkdir. İndi “Xəzər Lənkəran”ın büdcəsinin 80 faizi uşaq futboluna, 20 faizi isə əsas komandaya xərclənəcək. Bu qərarı verməkdə məqsədimiz odur ki, legionerlər bəzən öz işlərinə məsuliyyətsiz yanaşırlar, pulu aldıqdan sonra başqa yerə qaçır, problemlər yaradırlar. Bu mənada, fikirləşdik ki, nə vaxta qədər pulumuzun böyük hissəsini legionerlərə xərcləyəcəyik? Baş məşqçini isə istefaya göndərməmişik, biz onun işindən də razıyıq. Ona yerli futbolçularla işləməyi təklif etmişik. Əvvəl tərəddüd etdi, gələn həftə Azərbaycana gələcək və bu barədə yenidən söhbətimiz olacaq”.

Bəs “Rednik komandada qalmaq istməməsə, onu Cüneyt Biçər əvəzləyə bilərmi” sualına isə Nadirovun cavabı belə olub: “Bu barədə danışmaq hələ tezdir. Biçər “Xəzər Lənkəran”da idman direktorudur, uşaq futbol akademiyasına rəhbərlik edir. Bizim klubda uşaq futbolunda axsama olduğu üçün Biçəri gətirdik. Amma biz Redniklə işləmək istəyirik. Əgər o bizimlə çalışmağa razılıq verməsə, o zaman yeni baş məşqçiylə bağlı qərarı klubumuzun prezidenti verəcək”.