“Sxadadze ilk “18-liy”ə düşməyən futbolçuları əvəzedici heyətə göndərəcək”
25.07.2011 - 09:44
“Sxadadze ilk “18-liy”ə düşməyən futbolçuları əvəzedici heyətə göndərəcək”
“Komandamız növbəti mövsümə demək olar ki, hazırdır. Bir neçə oyunçunu əsas komandada görürəm və onları birinci heyət üçün hazırlayacağam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in əvəzedici komandasının baş məşqçisi Tofiq Mustafayev deyib. Təcrübəli mütəxəssisin mövsüm bitəndən sonra rəhbərlik etdiyi komanda “Şəfa” stadionunda keçirilən yoxlama oyununda “Qəbələ”nin əvəzediciləri ilə 1:1 hesablı bərabərliyə qalıb. “İnter” oyunda hesabı Mirsahib Abbasovun vurduğu qolla açsa da, sonradan buraxdığı qolla üstünlüyünü əldən verib.

Mustafayev klubun rəsmi saytına açıqlamasında oyunun yaxşı, gözlədiyi kimi keçdiyini bildirib: “Səhər ağır məşq keçdim ki, uşaqların necə oyun göstərəcəyini müşahidə də bilim. Bu ağır məşqə baxmayaraq, uşaqlar topa rəqib komandadan daha çox sahiblik etdilər. Buna baxmayaraq deyə bilərəm ki, müdafiədə, əsasən sağ və sol cinahlarda zəif yerlərimiz var. Bir cinah oyunçumuz milli komandanın təlim-məşq toplanışından qayıdıb və yorğunluğu hiss olunurdu. Ümumilikdə, oyunun nəticəsini müsbət qiymətləndirirəm”.

“İnter”in çalışdırıcısı növbəti mövsümdə oynayacaq oyunçular haqda da danışıb: “Bu haqda onu deyə bilərəm ki, əsas komandanın baş məşqçisi Kaxaber Sxadadze də ilk “18-liy”ə düşməyən futbolçuları oyun praktikalarını itirməməkləri məqsədilə əvəzedici heyətə göndərəcək. Bununla komandanı formalaşdıraraq növbəti mövsümdə layiqli yerlər uğrunda mübarizə aparacağıq”.