Tuyqun Nadirov: “Xəzər Lənkəran” əvvəlki kimi iddialı olmayacaq
25.07.2011 - 12:16
Tuyqun Nadirov: “Xəzər Lənkəran” əvvəlki kimi iddialı olmayacaq
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi

- Baş məşqçiniz Mirça Rednik komandadan kənarlaşdırılıb, yoxsa onunla işbirliyi davam etdiriləcək?
- Mirça Redniklə danışıqlar davam etdirilir. Ona yerli futbolçularla işləməyi təklif etmişik. Çünki bizim Redniklə 2012-ci ilin yayına qədər müqaviləmiz var. Bu üzdən onun qalmasını istəyirik. Ancaq rumıniyalı mütəxəssis hələ qərarını açıqlamayıb. Rednik fikirləşir.

- Rednik bu günlərdə Bakıya gəlməli idi...
- Hələ əlaqə saxlaya bilməmişik. Gəlsə də, ola bilsin, gecə saatlarında gəlsin. Konkret Redniklə hələ görüşümüz olmayıb.
- Legionerlərdən hansınısa saxlamağı düşünürsünüz?
- Xeyr. Bütün əcnəbi futbolçularla yollarımızı ayırmışıq. Komandada ancaq yerli futbolçular çıxış edəcək. Hazırkı heyətdə yer alan yerli futbolçulardan qalmaq istəməyən olsa, müəyyən şərtlər əsasında onunla da yollarımızı ayıra bilərik. Bildiyiniz kimi, bəzi futbolçular var ki, klub iddialı olmayanda, orda qalıb, çıxış etmək istəmirlər. Özlərini iddialı, güclü komandalarda sınamaq istəyirlər. Ona görə də getmək istəyən olsa, müəyyən şərtlər əsasında sərbəst buraxacağıq.

- Son 2 ildə “Xəzər Lənkəran”ın əsasını legionerlər təşkil edib. Bəs birdən-birə bu qərarı dəyişməklə, heyətə istədiyiniz sayda yerli futbolçu cəlb edə biləcəksinizmi?
- İndi siyasətimizi dəyişmişik, bunun bəhrəsini 2-3 ildən sonra görəcəyik. Heç nə birdən-birə qurulmur, nə də yaradılmır. Müəyyən zamana ehtiyac var. Başa düşürük ki, məsuliyyətli və çətin işdir. Hələ qarşıda vaxtımız var. Klubun maliyyə imkanları da yetərlidir ki, bu siyasətimizi həyata keçirək.

- Əgər Mirça Rednik bu şərtlər altında çalışmaq istəməsə, onu kiminlə əvəzləyəcəksiniz?
- Hal-hazırda baş məşqçimiz var. O, işləməyə razılıq verməsə, kənara getməyəcəyik. Klubda çalışan yerli məşqçilərdən birini komandanın başına gətirəcəyik. Ancaq bu sonrakı addımlardır. Hələ Redniklə müqaviləmiz var. Ola bilsin ki, o, vəzifəsində çalışmaqda davam etsin.

- Deməli, “Xəzər Lənkəran” artıq iddialı klub olmayacaq?
- Bəli, klubumuzun iddiası əvvəlki kimi olmayacaq. İndi gənc və yerli futbolçulara meydana verəcəyik. Azərbaycan futbolu naminə bu addımı atdıq. Bəhrəsini qarşıdakı illərdə görəcəyik.

- Klubun fəxri prezidenti Mübariz Mənsimovun baş verənlərə münasibəti necə oldu?
- Mübariz müəllimlə görüşməmişik. Deyirlər, guya oyundan sonra İstanbula getmişik, orda qərar qəbul edilib və s. Bu yanlışdır. Klub rəhbərliyi ilə Bakıda görüş olub və qərar qəbul edilib.

- Artıq fanatlar baş verənlərdən narahatdırlar. Hətta bəziləri özlərinə qəsd edəcəklərini də bildiriblər...
- Biz bu cür addımları pisləyirik. “Xəzər Lənkəran”ın gələcəyini fikirləşdiyimizə görə, bu işə başladıq. Klubun rəhbəri, sahibi var. Azarkeşlərimiz də qərarı başa düşməlidirlər.