Edqar Davidsin komanda yoldaşı "Kəpəz"də!
25.07.2011 - 12:35
Edqar Davidsin komanda yoldaşı "Kəpəz"də!
Gəncənin "Kəpəz" klubu daha bir legioneri Azərbaycana dəvət edib. Apasport.az saytının məlumatına görə, bu, hollandiyalı qapıçı Rodney Cerri Uebbergendir. Artıq ölkəmizə gələn 25 yaşlı legionerin peşəkar karyerası elə də zəngin deyil. O 2006-cı ildə başladığı karyerası ərzində vətənində "RBC Roosendal" və "Telstar" klublarının formasını geyinib.

Rodney uşaqlıq illərində isə "Ayaks" kimi məşhur komandanın heyətində top qovub. "Kəpəz"in potensial qapıçısı haqda maraqlı məqam çox qısa bir zamanda məşhur Edqar Davidslə komanda yoldaşı olmağıdır. Bu, Uebbergenin "Ayaks"da qısamüddətli baxışı zamanı reallaşıb.

Cerri Azərbaycana gəlməzdən öncə "Bakı"nın heyətində top qovan həmyerlisi Adnan Bərəkətlə danışıb. O, Azərbaycanın sabit ölkə olduğunu bildikdən sonra buraya gəlməyə razılıq verib. Uebbergen komandada baxışdan keçəcək. Əgər qapıçının hazırlığı “Kəpəz”in məşqçilər korpusunu qane edərsə, onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Gəncə təmsilçisinin heyətində ukraynalı və fransalı futbolçular da baxışdan keçirlər.