“Bunun həyata keçib-keçməyəcəyinə söz vermirəm”
25.07.2011 - 12:48
“Bunun həyata keçib-keçməyəcəyinə söz vermirəm”
"Bakı"dan ayrıldıqdan sonra "Qarabağ"la müqavilə bağladım. Qısa zaman kəsiyində qızğın məşqlər keçdik və komandaya öyrəşdim. "Qarabağ"da hər şey ürəyimcədir. Burada futbol oynamaq üçün hər cür şərait var". Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın "Qarabağ" klubunun futbolçusu Bəxtiyar Soltanov deyib.

"Bakı" klubunun yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi latviyalı baş məşqçi Aleksandr Starkovun gəlişindən sonra paytaxt təmsilçisindən ayrıldı. O, "Qarabağ"da əsas heyətə düşə bilməsə də, yeni klubundan razıdır: "Qarabağ"da fərdlər arasında ayrı seçkilik yoxdur. Biz burada futbol oynamaqla məşğuluq. Düzdür, hələ də əsas heyətə düşə bilmirəm. Bəzən əvəzləmələr zamanı meydançaya daxil olsam da, bəzən də ümumiyyətlə, oynamaq şansım olmur. Bunun səbəbini hələ Qurban Qurbanovdan soruşmamışam. Çünki kollektivə yeni qoşulmuşam. Zənnimcə, əsas heyətə düşməməyimin səbəbi hazırlıq səviyyəmin aşağı olmasıdır. İnşallah, gələcəkdə daim meydançada görünəcəyəm".

Bəxtiyar gələcəkdə kollektivin bir üzvü olmağa çalışacağını söyləyib: "Komandadakı futbolçuların əksəriyyəti 2-3 ildir bir yerdə oynayırlar. Bu baxımdan xətlərarası əlaqə yaxşı səviyyədədir. Mən də "Qarabağ"ın əsas üzvünə çevrilmək istəyirəm. Komandanın bir parçası olmaq üçün can atıram. Amma bunun həyata keçib-keçməyəcəyinə söz vermirəm. Hər dəqiqənin öz hökmü olduğundan hadisələri qabaqlamaq istəmirəm".

Soltanov sonda Avropa Liqasının III təsnifat mərhələsində görüşəcəkləri "Brügge" barədə fikir bildirib: "Brügge" güclü komanda olsa da, keçilməz deyil. İlk görüşü səfərdə oynamağımız bizim üstünlüyümüzdür. Səfərdə qol vurmağa çalışacağıq. Kimin fərqlənməsi yox, komandanın nəticə qazanması lazımdır. Əgər, baş məşqçi şans verərsə, canla-başla mübarizə aparacağam".

Qeyd edək ki, "Qarabağ" ilk oyununu iyulun 28-də səfərdə keçirəcək.