UEFA Azərbaycan yığmasını təkmilləşdirmə mərkəzinə çağırdı
26.07.2011 - 17:52
UEFA Azərbaycan yığmasını təkmilləşdirmə mərkəzinə çağırdı
17 yaşadək qızlar arasında Avropa çempionatının final mərhələsi bu həftə start götürür. Apasport.az saytının məlumatına görə, İsveçrədə təşkil olunan qitə birinciliyi UEFA-nın mənzil qərargahı yerləşən ölkədə keçirilir. Qurumun gözünün qabağında baş tutacaq yarış əvvəlkilərdən fərqlənəcək.

Bütün matçları UEFA-nın Kolovradakı Futbol Ustalığının Təkmilləşdirilməsi Mərkəzində keçiriləcək çempionat başa çatandan sonra elə həmin arenada yoldaşlıq oyunları baş tutacaq. UEFA öz mərkəzinin meydanında qarşıdakı dünya çempionatının təşkilatçısını görmək istəyib. 2012-ci ildə Bakıda təşkil olunacaq mundiala ev sahibliyi edəcək Azərbaycanın U-16 yığması İsveçrəyə çağırılıb. Artıq gələn il U-17 olacaq bu komanda avqustda 2 yoldaşlıq matçı keçirəcək. Millimiz ayın 9-da “Vaud” klubu ilə, 12-də isə İsveçrə U-16-sı ilə qarşılaşacaq. Hər 2 görüş UEFA-nın mərkəzində baş tutacaq. Bu qarşılaşmalar Bakı vaxtı ilə müvafiq olaraq 20:00 və 18:30-da başlayacaq.