“Jabanın “Simurq”un düşərgəsində olması ilə bağlı yayılan xəbər yalandır”
26.07.2011 - 11:48
“Jabanın “Simurq”un düşərgəsində olması ilə bağlı yayılan xəbər yalandır”
"Komandamız hazırlığı Zaqatalada davam etdirir. Heyətdə bir çox yeni futbolçular var. Adnan Hodziçi geri qaytarmışıq. Junivan Suareslə Hüseyn İsgəndərov isə baş məşqçinin etimadını qazanmağa çalışırlar”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun icraçı-direktoru Vaqif Əliyev deyib. “Muğan”ın Premyer Liqada imtinasından sonra qalan “Simurq” artıq bir həftədir ki, Bakıdakı hazırlığını bitirərək, Zaqatalaya üz tutub. Komanda yeni baş məşqçi Sergey Yuranın rəhbərliyi altında gündə iki dəfə məşq edir. Əliyev Albaniyadan gətirdikləri hücumçu da komanda ilə birgə məşqlərə qatıldığını, onun barəsində konkret qərar verdikdən sonra adını açıqlayacağını bildirib.

İcraçı-direktor braziliyalı futbolçu Jabanın "Simurq"a keçmək ehtimalına da münasibət bildirib. Klub rəsmisi "Bakı"nın heyətdən kənarlaşdırdığı hücumçu ilə maraqlanmadıqlarını söyləyib: "Jabanın "Simurq"un düşərgəsində olması ilə bağlı yayılan xəbər yalandır. Biz onu nə dəvət etmişik, nə də belə bir planımız var. Başa düşə bilmirəm, o futbolçunu kim reklam edir?"