Anar Salmanovun görmədiyi qollar
27.07.2011 - 09:14
Anar Salmanovun görmədiyi qollar
19 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində qrup oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, son tur gözlənilməz nəticə ilə əlamətdar olub.

Ardıcıl 2 qələbədən sonra yarımfinala vəsiqəni təmin edən İspaniya yığması Türkiyə ilə matçda darmadağın olub – 0:3. Bu qələbə sonuncuların qrupdan çıxmasına kifayət etməyib.

Qarşılaşma ilə bağlı maraqlı məqam isə 2 avtoqolun qeydə alınmasıdır. 31-ci dəqiqədə Ramalyo, 56-cı dəqiqədə isə Qomes türkiyəliləri sevindirib. Bu görüşü macarıstanlı Tamaş Bognar idarə edib ki, o, çempionata təyinat alan hakimlər sırasında deyildi. Macar bu turnirə gedən, lakin ingilis dilini lazımi səviyyədə bilmədiyindən geri göndərilən Anar Salmanovun əvəzinə Rumıniyaya çağırılmışdı. Bu isə o deməkdir ki, AFFA-nın Hakimlər Komitəsinin ən yaxşı kadrı sayılan ədalət təmsilçisi beynəlxalq səviyyədə oyun idarə etməyə layiq görülsəydi, Bognarın əvəzinə avtoqolları o görəcəkdi.

Qeyd edək ki, Çexiya, İrlandiya və Serbiya yığmaları da İspaniya kimi yarımfinala çıxıblar.