“Brügge”nin rekordu hələ də əlçatmazdır
27.07.2011 - 11:00
“Brügge”nin rekordu hələ də əlçatmazdır
Sabah Belçika və Azərbaycan çempionatlarının son bürünc medalçıları görüşəcək. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın Avroliqanın III təsnifat mərhələsindəki rəqibi “Brügge” 13 dəfə ölkəsinin çempionu olsa da, ötən mövsüm bürünc mükafatla kifayətlənib.

Ümumiyyətlə, Brügge şəhərinin eyniadlı təmsilçisi artıq ildir 6 qızıl medal üzünə həsrət qalıb. Sonuncu dəfə 2004/05 mövsümünün çempionu olan komanda 10 dəfə ölkə kubokunu qazanıb. Bu, sonuncu dəfə 2006/07 mövsümündə olub və göründüyü kimi, “Brügge” artıq 4 ildir titul qazana bilmir. Əvəzində onun rekordu Belçikada hələ də əlçatmazdır. Belə ki, “Qarabağ”ın rəqibi Avropanın ən nüfuzlu turniri olan Çempionlar Kuboku (indiki Çempionlar Liqası) finalında oynamış yeganə Belçika komandasıdır. Rəqibimiz 1978-ci ildə həlledici oyunda uduzub.

Ölkəsində çempionluq qədər (13 dəfə) Superkubok qazanan “Brügge” Belçikanın ən köklü klubudur. 1891-ci ildə yaranan, bu ilin noyabrın 13-də 120 illik yubileyini qeyd edəcək Brügge təmsilçisi “Anderlext” kimi ölkəsində ən çox mükafat qazanan 2 klubdan biridir.

Rəqibimizin tarixində ən uğurlu dövr ötən əsrin 70-ci illərində komandaya məşhur Ernst Happel başçılıq etdiyi dövrdə olub. Belə ki, komanda 3 il dalbadal – 1975-78-ci illərdə onun baş məşqçiliyi altında ölkə çempionluğunu qazanıb. “Brügge”nin indiyə kimi 2 dəfə avrokubokların finalında oynamağı də məhz Happelin vaxtına təsadüf edir. Onda Çempionlar Kuboku ilə yanaşı, UEFA kubokunun da həlledici oyununda çıxış edən komanda hər 2 halda “Liverpul”a yenilib.

2009-cu ildən hollandiyalı Adri Kosterin çalışdırdığı “Brügge”nin heyəti əsasən yerli futbolçulardan təşkil olunub. Legionerlər arasında ən tanınmışı İspaniyanın “Barselona” klubunun yetirməsi Viktor Vaskesi saymaq olar. “Brügge”yə bu il gələn 24 yaşlı ispaniyalı hücumameylli yarımmüdafiəçi “Barsa”nın əsas komandasında cəmi 1 oyun keçirib. Viktor karyerası daha çox bağlı olduğu B komandasında 109 oyunda 12 qol vurub. O, bu müddətdə “Barsa”nın indiki baş məşqçisi Xosep Qvardiolanın rəhbərliyi altında oynayıb ki, gənc mütəxəssis həmin vaxt əvəzedici heyəti çalışdırıb.