“Neftçi” təcrübəsizliyin qurbanı oldu”
27.07.2011 - 12:30
“Neftçi” təcrübəsizliyin qurbanı oldu”
Azərbaycan millisinin sabiq kapitanı, “Sumqayıt Şəhər” və U-15 yığmasının hazırkı məşqçisi Aslan Kərimovun apasport.az saytına müsahibəsi

- Məşqçi həyatınızın ilk ayları necə keçir?
- “Sumqayıt Şəhər”lə Avstriyada təlim-məşq toplanışını başa vurub, vətənə qayıtmışıq. Məşqçilik həyatı pis keçmir. Amma futbolçu havası hələ də başımdadır. Məşqə nəzarət etməklə yanaşı, həm də futbolçularla birgə oynayıram. Düzdür, köhnə zədələr bəzən mənə mane olur. Amma qoyulan tapşırıqların öhdəsindən gəlməyə çalışıram. Bu, həm də özümü yoxlamaq üçün bir vasitədir.

- Həm “Sumqayıt”da, həm də U-15 yığmasında çalışmaq sizə çətin gəlmir?
- İnsan işə başlamazdan öncə tərəddüd edir. Amma fəaliyyətə başladıqdan sonra görürsən ki, iş çox olanda, vaxt da bir o qədər dəyərə minir. Əksinə, hər iki cəbhədə mübarizə aparmaq mənim xeyrimədir. Bu, təcrübə və maddi baxımdan işimə yarayır. Düzü, məşqçi kimi ilk təklifi U-15-dən aldım. “Sumqayıt” variantına da “yox” demədim. U-15 ayda bir dəfə təlim-məşq toplanışında olur. Gərək qalan vaxtımı Azərbaycanın bölgələrini gəzməyə, ora bura getməyə sərf edəydim. “Sumqayıt”a gəlməklə həm də bütün vaxtımı futbola həsr etmiş oluram.

- Uşaqlarla, yoxsa böyüklərlə işləmək rahatdır?
- Hər komandanın öz xüsusiyyəti var. 15 yaşlı uşaqlar keçid dövrünü yaşayırlar. Onlarla ünsiyyətdə olarkən xüsusi qayğı göstərməlisən. Uşaqların xasiyyəti fərqlidir. Ümumiyyətlə, həyat prinsipimdə öyrənmək və öyrətmək qabaqcıl yerlərdən birini tutur. Uşaqlara yeni terminlər öyrətmək çox xoşuma gəlir. Fikrimcə, onlar da məndən razıdırlar.

- Nə vaxtadək aşağı yaş qrupunda işləmək və ya ikinci məşqçi olmaq fikrindəsiniz?
- Bu, bizdən asılı məsələ deyil. Hələ “Qarabağ”ın heyətində çıxış edərkən məşqçilik kurslarına yazılmışdım. Hazırda B kateqoriyam var ki, bu da aşağı yaş qruplarında və ya köməkçi məşqçi kimi çalışmaq üçün yetərlidir. Əlbəttə, bu sahəni seçmişiksə, ən xırda nöqtələri də araşdırmalıyıq. B kateqoriyası, məşqçilik təhsilim ilk addımımdır. İnşallah, gələcəkdə A və Pro kateqoriyalarına da sahib çıxacağam.

- Bir müddət öncə bəzi məşqçilərimiz Pro kateqoriyasını almaq üçün Ukraynaya yollanmışdılar. Siz də xarici ölkələrin birində oxumaq niyyətindəsiniz?
- Azərbaycanın ölkə xaricində təhsil alan məşqçiləri var. Amma ötən ildən bu kurslar ölkəmizdə də həyata keçirilir. Bu mənada ölkə xaricinə yollanmaq ikinci plana düşür. Eyni zamanda, Azərbaycan futbolunun inkişafı naminə AFFA gənc məşqçilər qrupunu tanınmış futbol ölkələrinə ezam edir. Yəqin ki, növbəti belə səfərə mən də yollanacağam.

- Futbolçu karyeranızı bitirdikdən sonra dərhal məşqçiliyə başladınız. Hadisələrin belə tez cərəyan etməsini gözləyirdinizmi?
- Düzü, buna inamım yox idi. Məhz bu səbəbdən də karyeramı bitirmək barədə konkret qərar qəbul edə bilmirdim. Fikirləşirdim ki, karyeramı bitirdikdən sonra da “Qarabağ”da qalaram. Amma alınmadı. Məşqçi kimi ilk dəvəti U-15-dən aldım. Bu dəvəti çox böyük qürur hissi ilə qəbul etdim. Çünki millinin karyeramda xüsusi yeri var. Allah məni pis vəziyyətdə qoymadı. Sevimli peşəmdən ayrı salmadı.

- Bir az da keçmiş klubun “Qarabağ”dan danışaq. Komandanın Avropa Liqasındakı dörd oyunu barədə nə deyə bilərsiniz?
- Əvvəlcə, “Qarabağ” klubunu iki mərhələ adlaması münasibəti ilə təbrik edirəm. Görüşləri canlı izləmək imkanımız olmasa da, internet vasitəsi ilə hər şeyi diqqət mərkəzində saxlayırdıq. İnanırdım ki, “Qarabağ” bu dörd qarşılaşmanın heç birində uduzmayacaq. Çünki komandanın Avropa liqasında topladığı təcrübə rahat çıxış etməsinə imkan verirdi. İstər “Banqa”, istərsə də “Streymur”a qarşı çox yaxşı oyun nümayiş etdirdilər. Onlara növbəti mərhələdə uğurlar arzulayıram.

- Kənardan baxanda, sabiq komandanızda hansı çatışmazlıqlar var idi?
- Çatışmazlıqlar istənilən klubda, hətta “Barselona”da da mövcuddur. Qaliblər mühakimə olunmadığından “Qarabağ”ın səhvləri barədə danışmaq istəmirəm. Yəqin ki, baş məşqçi Qurban Qurbanov oyunları analiz edib, futbolçulara tapşırıqlarını verib, iradlarını çatdıracaq.

- Sizcə, “Qarabağ” “Brügge” səddində ilişəcəkmi?
- “Qarabağ”ın Avropa təcrübəsini xüsusi vurğulamaq lazımdır. Komanda ardıcıl üç ildir ki, avrokuboklarda yaxşı təsir bağışlayır. Heyətdə çox güclü və mübariz futbolçular yer alıblar. Deməzdim ki, 3-cü mərhələdə “Qarabağ”ın bəxti gətirməyib. “Brügge” elə də güclü rəqib deyil. Hər halda, bizim mübarizədən kənarlaşdırdığımız “Rusenborq” və ya “Visla”dan artıq futbol oynamırlar. Sadəcə, “Brügge” ilə oyunda taktikanı düzgün seçib, mübarizə aparmaq lazımdır. Zənnimcə, sabiq komandamın məşqçilər korpusu və futbolçuları bunu bacaracaqlar. Biz milli komandanın heyətində Belçikaya qarşı mübarizə aparmışıq. Onlar futbolun səviyyəsinə görə bizdən üstündürlər.

- Sizcə, digər komandalarımız Çempionlar və Avropa Liqasında niyə uğursuzluğa düçar oldular?
- Çempionlar Liqasındakı təmsilçimiz “Neftçi” güclü “Dinamo” ilə görüşürdü. “Dinamo”nun heyətində fərdi ustalıq səviyyəsinə görə fərqlənən futbolçu olmasa da, onlar komanda halında çox güclü oyun nümayiş etdirdi. Fikrimcə, “Neftçi” təcrübəsizliyin qurbanı oldu. Düzdür, “Neftçi”də yaxşı futbolçular var. Onlar ölkə çempionatında bir-birin yaxşı başa düşsələr də, Çempionlar Liqasında bunu bacarmadılar. Avropa Liqasındakı təmsilçimiz “Xəzər Lənkəran”dan isə belə çıxış qətiyyən gözləmirdim. Yaddan çıxarmayaq ki, bu, futboldur. Hər bir sürprizə və ya uğursuzluğa hazır olmalısan. AZAL-da daxil olmaqla, avrokuboklarda bəxti gətirməyən hər üç komandamıza ruhdan düşməməyi arzulayıram.

- Son sualımızı şəxsi rekordunuzla bağlı vermək niyyətindəyik. Hazırda milli komandanın heyətində ən çox oyun keçirən futbolçu ünvanına sahibsiniz. Sizcə, bu nailiyyəti təkrarlamağa hansı futbolçu real namizəddir?
- İndi milli komandamız daha çox oyun keçirir. Əgər Rəşad Sadıqov bu oyunların əksərində iştirak etsə, rekordumu yeniləyə bilər. Vaqif Cavadovun da şansı var.