Millimiz sonuncu səbətdən qurtuldu
27.07.2011 - 13:42
Millimiz sonuncu səbətdən qurtuldu
Azərbaycan millisi 2014-cü ildə dünya çempionatının (DÇ-2014) seçmə mərhələsinin püşkündə sonuncu səbətdə olmayacağı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, bu, FİFA-nın az öncə açıqladığı reytinq siyahısından sonra dəqiqləşib. DÇ-2014-ün püşkü zamanı son, yəni iyul reytinqinin əsas götürüləcəyi hələ xeyli əvvəldən açıqlanmışdı.

Yığmamız ötən ayla müqayisədə 1 pillə irəliləyərək, 111-ci yerə yüksəlib. Səbətlərin bölüşdürülməsi zamanı FİFA-nın reytinqində Avropa ölkələrinin mövqeləri əsas götürülür. Hesabında 282 xal olan millimiz UEFA-nın reytinqində 44-cü yerdədir.

Qaydaya əsasən Avropa zonasında UEFA-nın üzvü olan 53 milli assosiasiya püşk zamanı 9 qrupa yerləşdiriləcək. Bunun üçün yığmalar 6 səbətə bölünür və 37-45-ci pillədə olanlar, o cümlədən Azərbaycan V səbətdə yer alacaq. İndiyədək yığmamız 2 dəfə seçmə mərhələlərin püşkündə sonuncu səbətdə olmayıb.

Bunlar 2000-ci il Avropa və 2010-cu il dünya çempionatının püşkatmasında baş verib. Hər 2 halda, qrupumuzdan sonuncu komanda Lixtenşteyn yığması çıxarılıb və “cırtdan ölkə”nin təmsilçisini seçmə mərhələnin sonunda da qabaqlamışıq.

Qeyd edək ki, DÇ-2014-nün seçmə mərhələnin püşkatması iyulun 30-da Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Mərasim Bakı vaxtilə saat 23:00-da başlayacaq.