Rəşad Sadıqov: Hələ şokdan ayılmamışıq
27.07.2011 - 13:51
Rəşad Sadıqov: Hələ şokdan ayılmamışıq
“Səbuhi ilə uşaqlıqdan dostluq edirdim. Rəşadı mən Səbuhiyə görə tanımışam. Ona görə də dostumun ölümünə necə üzüldüyümü söyləmək yersizdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov deyib.

Ağdam təmsilçisinin üzvləri Avroliqanın III təsnifat mərhələsində Belçikanın “Brügge” klubu ilə oyundan qabaq itkiyə sarsılıb. Belə ki, kapitan Rəşad Sadiqovun qardaşı Səbuhinin vaxtsız vəfatı hamını məyus edib.

Sadıqov komandada son durumu haqqında fikirlərini bildirib: “Qarabağ” bir ailədir. Səbuhini nəinki mən, eləcə də komandamızın əksər üzvləri tanıyırdı. Yaxşı, mehriban, qardaşyana münasibətlərimiz vardı. Ona görə də indi hamı məyusdur. Xəbəri eşidəndə Rəşadla Bakıya qayıtmaq istədim. Ona bütün komanda dəstək olmaq istəyir. Hamımız Rəşadın yanında olmaq istəyirik. Hələ şokdan ayılmamışıq ki, oyun haqqında fikirləşək”.

Rəşad adaşına dar gündə dəstək olub: “Rəşada demək istəyirəm ki, hamımız sənin yanındayıq. Onun dərdini paylaşırıq. Bu olay göstərir ki, həyatda daha vacib şeylər var. Allah ona rəhmət eləsin”.

Qeyd edək ki, artıq Belçikada olan “Qarabağ” bu gün yerli vaxtla saat 20:30-da “Brügge”nin stadionunda məşqə çıxacaq.