Final matçının UEFA nümayəndəsi öldü
27.07.2011 - 16:04
Final matçının UEFA nümayəndəsi öldü
UEFA nümayəndəsi Herhard Kapl dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun Nizam-İntizam Komitəsinin avstriyalı üzvü 64 yaşında vəfat edib.

Avstriya Futbol Federasiyasının prezidenti Leo Vindtner keçmiş FİFA hakimi və UEFA nümayəndəsinin ailəsinə başsağlığını çatdırıb: “Avstriya futbolu həm ölkə, həm də beynəlxalq səviyyədə ən hörmətli nümayəndələrindən birini itirdi. Biz əvvəl hakim, sonra özünü futbol təşkilatçılığına həsr edən insana minnətdarıq. Kaplın asan olmayan işində ona dəstək verən ailəsinin ağır günlərində yanında olacağıq”.

Qeyd edək ki, Kapl 2009-cu ildə Ukraynanın “Şaxtyor” və Almaniyanın “Verder” klubları arasında İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda keçirilən UEFA kubokunun final oyununda UEFA nümayəndəsi olub. Bundan sonra turnir Avroliqa adlanmağa başlayır.