Əsgər Abdullayev: Onun əzələsini yaxşı hazırlayacağına inanıram
27.07.2011 - 23:03
Əsgər Abdullayev: Onun əzələsini yaxşı hazırlayacağına inanıram
“Samir Əliyev hazırda komandanın düşərgəsindədir və məşqlərimizdə iştirak edir. Söhbətimizin baş tutacağına inanıram. Hansısa problem yaranmamalıdır”. Bu sözləri “Turan”ın baş məşqçisi Əsgər Abdullayev deyib.

Yeni mövsümə Tovuzda hazırlaşan “Turan” heyətini komplektləşdirməkdə davam edir. Baş məşqçi daha bir təcrübəli futbolçunu komandaya götürmək niyyətindədir: “Komandada qalıb-qalmaması Samirdən də asılıdır. Hələ mən istəyən formada deyil. Artıq onu biz hazırlamalıyıq. Ancaq Əliyevin nəyə qadir olduğunu hamımız bilirik. Komandada qalmasını istəyirəm. Özü ilə yenə söhbətimiz olacaq”.

Ötən mövsümü “Simurq”da keçirən təcrübəli hücumçu xüsusilə də sona yaxın tez-tez zədələnməsi ilə yadda qalırdı. Bəs görəsən, bu amil Abdullayevi narahat etmir?

Təcrübəli çalışdırıcı zədə amilinin futbolçunun hazırlığı ilə də bağlı olduğunu vurğulayıb: “Futbolçu zədələnməsinin birinci səbəbini özündə axtarmalıdır. Yaxşı hazırlığa malik olan futbolçu az zədə alır. Yəni bu onun hazırlığının göstəricisidir. Gərək əzələni tam hazırlaşdırasan. Düzdür, oyun zamanı rəqib futbolçu tərəfindən də zədə almaq mümkündür. Bu futbolda qaçılmazdır və ayrı məsələdir. Konkret Samirə gəldikdə, onun əzələsini yaxşı hazırlayacağına inanıram”.