“Qəbələ” ingilis klubunu üstələdi
28.07.2011 - 01:00
“Qəbələ” ingilis klubunu üstələdi
İngiltərədə təlim-məşq toplanışını davam etdirən "Qəbələ" klubu ötən gün növbəti yoxlama görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, Toni Adamsın komandası İngiltərənin aşağı divizion təmsilçisi "Luton Taun"la qarşılaşıb.

Oyun "Qəbələ" üçün yaxşı başlamayıb. Matçın 11-ci dəqiqəsində qapısında top görən "Qəbələ" cəmi 2 dəqiqə sonra hesaba tarazlıq gətirib.

İkinci hissədə daha 2 dəfə fərqlənən Toni Adamsın komandası 87-ci dəqiqədə yenidən qapısında qol görüb. Bununla belə, "Qəbələ" qələbə hesabını qorumağı bacarıb - 3:2.

Qeyd edək ki, "Qəbələ" daha öncə Londonda 4 yoldaşlıq oyunu keçirib. "Barnet"ə 0:1 hesabı ilə uduzan "Qəbələ" "Bishops Stortford" ilə qolsuz heç-heçəyə razılaşmışdı.

Növbəti görüşlərdə isə "St Albans City" və "Hayes Yeading" komandaları ilə qarşılaşan "Qəbələ" müvafiq olaraq rəqiblərini 3:2 və 2:1 hesabları ilə məğlub etmişdi.