Qurban Qurbanov: Bu haqda danışdıqca daha çox üzülürük
28.07.2011 - 08:50
Qurban Qurbanov: Bu haqda danışdıqca daha çox üzülürük
“Brügge” yetərincə ciddi rəqibdir. Avrokuboklarda böyük təcrübəsi var. Son illərdə daim qrup mərhələsində oynayırlar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın III təsnifat mərhələsində Belçikanın “Brügge” klubu ilə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Bu gün səfər görüşünə çıxacaq komandamızın gənc çalışdırıcı güclü rəqiblə oyunda maraqlı mübarizə gözləyir: “Brügge” bu il 10-a yaxın oyunçu dəyişib. Buna baxmayaraq, oyun sistemlərini toxunmayıblar. Son 2 oyunlarını izlədiyimdən bunu dəqiq deyə bilərəm. “Brügge” əvvəlki rəqiblərimizdən fərqli, hücuma çox keçəcəyindən maraqlı oyun olacağını fikirləşirəm”.

Komanda daxili ab-havadan danışan Qurbanov qardaşı Səbuhinin dünyasını dəyişməsini yolda xəbər tutaraq, Bakıya qayıdan kapitan Rəşad Sadiqova mənəvi dəstək olub: “Komandada əhval-ruhiyyə məlum səbəblərdən yaxşı ola bilməz. Xüsusilə, yol gedərkən belə xəbər eşitməyimiz bizi pərişan etdi. Nə edə bilərik? Rəşada mənəvi dəstək verməkdən başqa çarəmiz yoxdur. Artıq bu barədə danışmaq istəmirəm. Danışdıqca daha çox üzülürük”.

Baş məşqçi səfərdə münasib nəticə qazanmağa çalışacaqlarını bildirib: “Brügge” ilə oyunda çalışacağıq ki, rəqibə rahat oynamağa imkan verməyək. İstədiklərimizi reallaşdıra bilsək, Bakıya sərfəli nəticə ilə qayıda bilərik. İnanıram ki, bunu reallaşdıra biləcəyik. Rəqib nə qədər gücü olsa da, bunun üçün çalışacağıq”.