Dünya çempionatının püşkü 200 kanalla canlı yayımlanacaq
28.07.2011 - 12:15
Dünya çempionatının püşkü 200 kanalla canlı yayımlanacaq
2014-cü il dünya çempionatının (DÇ-2014) seçmə mərhələsinin püşkatması 200-dən çox televiziya şirkəti ilə canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, iyulun 30-da Rio-de-Janeyroda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq tədbir indidən bütün dünyanın diqqət mərkəzindədir.

“Marina-da-Qloriya” Yaxt-klubunun mənzərəli buxtasında keçiriləcək püşkatmaya qatılanlar hər cür komfortun şahidi olacaqlar. Artıq indidən təhlükəsizliklə bağlı ən ciddi tədbirlər görülür. Belə ki, orada quraşdırılan videokameralar hətta gecənin qaranlığında hərəkət edən insanla yoldan keçən pişiyi avtomatik seçmək qabiliyyətinə malikdir.

Yaxt-klubun yaxınlığında yerləşən, daxili uçuşlara xidmət edən “Santus-Dumont” hava limanı şənbə günü yerli vaxtla saat 14:00-dən 18:00-ə kimi bağlanacaq.

Bu da onunla bağlıdır ki, həmin vaxt uçan və yerə enən təyyarələr püşkatma mərasimi və canlı yayıma maneçilik törətməsinlər. Təyyarələr bu 4 saatda “Marina-da-Qloriya”dan xeyli uzaqda olan Rio-de-Janeyro beynəlxalq hava limanına istiqamət götürəcəklər.

Qeyd edək ki, püşkatmada ölkəmizi AFFA-nın baş katibi Elxan Məmmədovla milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts təmsil edəcəklər. Tədbiri Türkiyənin TRT3 kanalı ilə canlı izləmək olar.