AZAL-a keçid onun karyerasında son böyük transferdir
28.07.2011 - 15:44
AZAL-a keçid onun karyerasında son böyük transferdir
Albaniya millisinin futbolçusu Ervin Bullkunun AZAL-a keçidi yarımmüdafiəçinin vətənində böyük əks-səda doğurub. Apasport.az saytının məlumatına görə, bu ölkədən olan həmkarlarımız yay “transfer pəncərəsi”nin dəyərləndirilməsi zamanı Bullkuya xüsusi yer ayırıb.

Cari transfer bazarını alban futbolçuların sensasion keçidləri ilə zənginliyinə toxunan həmkarlarımız yarımmüdafiəçini ən diqqətçəkənlər sırasında görür. Onların fikrincə, ən gurultulu transfer “Qalatasaray”ı “Latsio”ya dəyişən Lorik Kanadır.

Sıralamada 2-ci yer isə Xorvatiya “Hayduk”unu AZAL-a dəyişən Bullkuya məxsusdur. Hərçənd, daha aşağı sıralarda duran futbolçuların köhnə-təzə klubları sırasında “Birminhem”, “Köln”, “Olimpiakos”, Zaqreb “Dinamo”su da var.

Albanlar Ervinin keçidinə sözardı da yazmağı da zəruri hesab edib: “Bullku yeni mövsümdə yeni komandada oynamaq qabiliyyətini isbat etməlidir. AZAL-a keçən futbolçunun 30 yaşı olduğunu nəzərə alsaq, bu onun karyerasında sonuncu böyük müqavilədir”.