“İngiltərədə olan meydançalar bu gün Qəbələdə də var”
29.07.2011 - 12:00
“İngiltərədə olan meydançalar bu gün Qəbələdə də var”
“İngiltərədə yaxşı hazırlıq keçdik, maraqlı oyunlar oynadıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun müdafiəçisi Vurğun Hüseynov deyib.

Yeni mövsümdən etibarən “Qəbələ”nin formasını geyinəcək 23 yaşlı futbolçu komandasının Londondakı təlim-məşq toplanışı barədə danışarkən, yoldaşlıq matçlarında baş məşqçinin bütün futbolçuları yoxladığını bildirib: “Komandaya uyğunlaşmaq baxımından problem yaşamadım. Heyətdəki futbolçuların hamısı peşəkar futbolçulardır. Oyunlara gəldikdə, baş məşqçi Toni Adams hamını yoxlayırdı. O, futbolçuların fiziki durumuna diqqət yetirir, problemləri müəyyənləşdirməyə çalışırdı”.

İngiltərədə olduğu müddətdə 5 yoldaşlıq matçında gücünü sınayan “Qəbələ” yalnız bir oyunda qapısını toxunulmaz saxlayıb. Qalan matçlarda rəqib futbolçular qol vurmaq sevinci yaşayıblar.

Müdafiəçi bunu sırf müdafiənin zəif olması ilə əlaqələndirməyin düzgün olmadığını vurğulayıb: “Oyun zamanı heyətdə çoxlu dəyişikliklər edilirdi. Yenə deyirəm, baş məşqçi futbolçuların hamısını iş başında sınayırdı. Bu cür oyunlarda nəticə elə də vacib deyil. Bizim üçün önəmli olan çempionata yüksək səviyyədə hazırlaşmaqdır”.

Komandanın məqsədinə nail olub-olmayacağına gəldikdə, müdafiəçi bu baxımdan problem olmayacağını deyib: “Çox yaxşı komandamız var. Bir-birimizə dəstək olsaq, məqsədimizə nail olacağıq. Hər şey peşəkar səviyyədə qurulub. İngiltərədə olan meydançalar bu gün Qəbələdə də var. Belə dəstək olan yerdə nəticə qazanmaq da mümkün olacaq”.