“Xəzər Lənkəran”ın legioneri adını Azərbaycan futbol tarixinə yazdırdı
01.09.2011 - 12:16
“Xəzər Lənkəran”ın legioneri adını Azərbaycan futbol tarixinə yazdırdı
Azərbaycan Premyer Liqasının IV turu daha 2 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ispaniyalı Mario Rosas və portuqaliyalı Antonio Semedo karyeralarında ilk dəfə Lənkəran təmsilçisinin formasında meydana çıxıblar. “Rəvan”la səfər matçında sonradan meydana daxil olan legionerlərin debütü “Xəzər Lənkəran” tarixinin bütün oyunçularının ümumi sayını da artırıb.

Bu matçadək 133 futbolçuya ağ-yaşıl formada rəsmi matça çıxmaq nəsib olmuşdusa, pireneylilər bu rəqəmi 135-ə çatdırıblar. Bu 135 nəfərdən 9-u elə cari mövsüm debüt imkanı qazanıb. Mario ilə Antonioya kimi, Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç və Branimir Subaşiç yeni komandalarında debüt etmişdilər.

“Xəzər Lənkəran” şərəfini qorumuş 135 oyunçudan 52-si yerli, 83-ü əcnəbidir ki, Mario İspaniyanın nəinki “Xəzər Lənkəran”da, ümumiyyətlə Azərbaycan çempionatında və klublarındakı ilk təmsilçisi olub. Bu Pireney yarımadasındakı ölkə isə komandada oyunçu ilə təmsil olunan 30-cu məkandır. Belə ki, bu matçadək “Xəzər Lənkəran” forması geyinən legionerlər 29 ölkəni təmsil edirdi.

Semedo isə 4-cü portuqaliyalı olub: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 6, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya – hərəsi 1.

Qeyd edək ki, Rosas və Semedonun debüt etdiyi oyun Elvin Beqiri üçün yubileylə əlamətdar olub. Albaniyalı 50-ci dəfə meydana çıxmaqla, 100-ü yarılayan 29-cu “Xəzər Lənkəran”lı və ya 13-cü legioneri olub. Rumıniyalı Katalin Doman isə nisbətən kiçik yubiley qeyd edərək 30-cu matçına çıxıb və bunu qolla qeyd edib.