“Artıq fanatlara borcumuz qalmayıb”
07.09.2011 - 10:58
“Artıq fanatlara borcumuz qalmayıb”
Azərbaycan milli komandasının və “Qəbələ” klubunun müdafiəçisi Mahir Şükürovun apasport.az saytına müsahibəsi

- Cari seçmə mərhələdə doğma meydanda keçirdiyimiz dördüncü oyunda ikinci qələbəni qazandıq. Oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Oyundan əvvəl də demişdik ki, bu matçda qələbə qazanıb, azarkeşlərimizi sevindirəcəyik. Allaha şükür, bunu reallaşdırdıq. Həm də onlara bir borcumuz var idi. Bildiyiniz kimi, ilk oyunda məğlub olmuşduq. Bu dəfə qələbə qazanıb borcumuzu qaytardıq. Artıq fanatlarımıza borcumuz qalmayıb.

- Həqiqətən də fərqli iki hissə izlədik. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?
- Birinci hissədə də zəif oynamadıq. Sadəcə, imkanlarımızı reallaşdıra bilmədik. Həm də fasiləyə qədər istədiyimiz oyunu ortaya qoya bilmədik. İkinci hissədə daha yaxşı təsir bağışladıq. Bunun nəticəsi hesabda da əksini tapdı.

- Ardıcıl iki oyundur ki, sizin məhsuldar ötürmənizlə Rauf Əliyev qol vurur. Bugünkü oyunda özün də fərqlənməyə imkan tapdın və bu sizin millidə ilk qolun oldu...
- Çalışıram ki, hər oyunda qol vurmasam da, məhsuldar ötürmə edim. Vacib olan komandanın qələbə qazanmasıdır. Vurduğum qola gəldikdə, Elnur Allahverdiyevlə oteldə bir otaqda qalırdıq. Onunla söhbət edən zaman demişdi ki, bu gün qol vuracaqsan. Şükürlər olsun ki, məqsədimə çatdım.

- Astanadakı oyunla müqayisədə Bakıda daha istəkli idiniz. Bu sırf doğma meydan amili ilə, yoxsa revanş istəyi bağlı idi?
- Qazaxıstandakı matçla müqayisədə heyətdə xeyli dəyişiklik edilmişdi. Baş məşqçi müəyyən dəyişikliklərə əl atmışdı. Fikrimcə, burda daha yaxşı oynadıq və layiq olduğumuz qələbəni qazandıq.

- Milli tarixində ilk dəfə olaraq qrup mərhələsi çərçivəsində 7 xal qazanıb. Bunu artırmaq mümkün olacaqmı?
- Sevinirəm ki, bu nəticəni qazanmaqla tarixə düşmüşük. Bəli, qarşıda Avstriya və Türkiyə ilə oyunlar var. Həmin matçlara ciddi hazırlaşıb aktivimizdəki xalların sayını artırmalıyıq. Təəssüf ki, sarı vərəqə aldığıma görə, Avstriya ilə oyunu buraxmalı olacam.

- Maraqlıdır ki, yığma 7 xalın hamısını doğma meydanda qazanıb. Necə düşünürsünüz, komandada səfər sindromu varmı?
- Evdə bütün komandalar güclü oynayırlar. Biz də istisna deyilik. Səfərdə niyə xal qazana bilməməyimizi barədə konkret nəsə deyə bilmərəm. Ancaq düzələcəyinə inanıram.