“Azərbaycan yığması hücuma çıxmadığından, əziyyət çəkdim”
12.10.2011 - 13:40
“Azərbaycan yığması hücuma çıxmadığından, əziyyət çəkdim”
Türkiyə milli komandasının futbolçusu Burak Yılmaz Avro-2012-in seçmə mərhələsində Azərbaycan yığması ilə ev oyununda vurduğu qolu şərh edib. Apasport.az saytının məlumatına görə, “Trabzonspor”un hücumçusu uzun illər bu komandada birgə oynadığı, cari mövsümdən isə “Qalatasaray”da çıxış edən yarımmüdafiəçi Səlcuk İnanın əməyini qeyd edib. 2-ci hissədə meydana girən Səlcuk az sonra uzun ara ötürməsi ilə Burakı təkbətək çıxardı ki, sonuncu də bu şansdan yararlandı.

Yılmazın sözlərinə görə, İnanın meydana çıxmağı onun işini rahatlaşdırıb: “Səlcuk oyuna girəndə, hücuma daha çox qoşuldum. O, məni çox yaxşı tanıyır. Qol epizodunda da topu alar-almaz qaçdığımı gördü və qolu vurduq. Baş məşqçi harada yer verirsə, orada oynaram. Amma hücuma keçdikdən sonra rəqib hücuma çıxmadığı üçün qol imkanı tapmaqda əziyyət çəkdim. Amma fasilədə Almaniya – Belçika oyununun nəticəsini öyrəndikdən sonra 1 qol vurub, üstünlük qazandıq. Başa düşürdük ki, Azərbaycana yığmasına qalib gəlmək gücündəyik. Artıq hədəfimiz pley-offda uğurla çıxış etməkdir”.