Poladov həmkarına meydan oxudu: Futbola dünən gəlməmişəm...
12.10.2011 - 16:41
Poladov həmkarına meydan oxudu: Futbola dünən gəlməmişəm...
“Artıq məşqlərimi bərpa etmişəm. Hazırda Gəncədəyəm və fərdi planda hazırlaşıram. Zədələndiyim ilk vaxtlarla müqayisədə indi vəziyyət yaxşıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Kəpəz”in qapıçısı Elşən Poladov deyib. Məşqlərin birində sol çiynindən ciddi zədə alan 32 yaşlı futbolçu ikinci əməliyyata hazırlaşır: “Hələ həkimlər komanda ilə birgə məşqlərə başlayıb, toplara yıxılmağıma icazə vermirlər. Çünki zədədən sonra bərpa prosesini tam keçməmişəm. Hələ əməliyyat zamanı qoyulan “bolt”lar da çiynimdədir. Oktyabrın 30-da və ya noyabrın 1-də növbəti əməliyyatı keçirəcəyəm. Yəqin ki, noyabrın 15-dən sonra komanda ilə birgə məşqlərə başlayacağam”.

Poladov zədəsi ciddi də olsa, qış fasiləsinə qədər 1-2 rəsmi oyunda meydançaya çıxacağına ümid bəslədiyini deyib: “İlk dövrənin son oyunları dekabrın ortalarına təsadüf edir. Bir az çətin olsa da, həmin oyunlarda meydançaya çıxmaq istəyirəm. Bu, məşqlərin gedişindən asılı olacaq”.

Poladov etiraf edib ki, bu zədə onu çox geri atıb. Amma o, istənilən halda, əvvəlki mövqeyini qaytarmaq üçün əlindən gələni edəcəyini də gizlətməyib: “Mən futbola dünən gəlməmişəm. Artıq uzun müddətdir ki, müxtəlif komandaların heyətində çıxış edirəm. Sözsüz ki, yerimi qaytarmaq ilk növbədə özümdən asılıdır. Əgər məşqlərdə özümü yaxşı tərəfdən göstərsəm, baş məşqçi bunu diqqətdən qaçırmaz. Özüm də yerində saymağı xoşlayan adam deyiləm. Yerimi qaytarmaq üçün var qüvvəmlə çalışacağam. Amma etiraf edim ki, bu, zədə məni çox geri saldı. Zədə futbolçunun ən başlıca problemdir. İstər əməliyyat, istərsə də bərpa prosesi çox vaxt aparır və yerini itirmək bahasına başa gəlir”.

Qeyd edək ki, “Kəpəz”in vitse-kapitanı olan Elşənin yoxluğunda baş məşqçi Mehman Allahverdiyev çərçivəni Konstantin Kolesnikova həvalə edib. Turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan “Kəpəz” Premyer Liqanın ən çox qol buraxan komandasıdır. Elşən və Kolesnikov ikilikdə 14 qol buraxıblar. Bunlardan çoxu 27 yaşlı rusiyalı legionerin payına düşür.