Miroslav Beranek: Azərbaycan millisi bizdən güclüdür
13.10.2011 - 10:04
Miroslav Beranek: Azərbaycan millisi bizdən güclüdür
“Yoahim Lövün Qazaxıstan və Azərbaycan yığmaları haqda səsləndirdiyi fikirlər özünə aiddir. Ancaq turnir cədvəlinə baxsanız, onda Azərbaycan millisinin bizdən güclü olduğunu görərsiniz”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstan millisinin baş məşqçisi Miroslav Beranek deyib.

Avro-2012-in seçmə mərhələsində Azərbaycan yığması ilə bir qrupa düşən orta asiyalılar mübarizəni 4 xalla qrup sonuncusu kimi başa vurdu. Millimiz isə 7 xalla qazaxları arxada qoyaraq, qrupda 5-ci yerdə tutdu.

Qrupumuzu yüz faizli nəticə ilə başa vuran Almaniya millisinin baş məşqçisi Yoahim Löv hələ bir müddət əvvəl Qazaxıstan yığmasını Azərbaycanda güclü saymağı ilə fikir səsləndirmişdi. Ancaq seçmə mərhələnin yekunu bunun tam əksini göstərdi və çexiyalı çalışdırıcısı da bunu ön plana çəkib: “Azərbaycan reytinqdə 5-ci, biz isə 6-cı səbətdəyik. Ancaq fikrimcə, bu 2 yığma arasında fərq var. Sadəcə, bu, böyük deyil”.

Qeyd edək ki, Beranek Qazaxıstan yığmasında debüt ilində yalnız millimizlə görüşdə nəticə qazanaraq, buna iyunun 2-də Astanada 2:1 hesablı qələbə ilə nail oldu.